Qardaş ölkə nüvə dövlətinə çevriləcək? - Politoloq AÇIQLADI
Təhlil
12.09.2025 16:39
“Qardaş Türkiyənin hazırda rəsmi şəkildə nüvə dövləti olmağa yönəlmiş bir açıq siyasəti mövcud deyil”.
Politoloq Kazım Kazımov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu günlərdə nüvə dövləti statusuna sahib olmaq, xüsusilə son İran-İsrail münaqişəsindən sonra qlobal diqqətin mərkəzində olan məsələlərdən birinə çevrilmişdir.
“Şimali Koreya nüvə silahına sahib olduğunu iddia edir”
“Dünya praktikasına nəzər salsaq görərik ki, İkinci Dünya müharibəsinin qalibləri və onların yaxın müttəfiqləri istisna olmaqla, heç bir ölkə rəsmi şəkildə nüvə silahı əldə edə bilməyib. Məsələn, Şimali Koreya nüvə silahına sahib olduğunu iddia edir və ehtimal olunur ki, bu istiqamətdə ona Sovet İttifaqı və daha sonra Rusiya Federasiyası tərəfindən yardım göstərilmişdir. Eyni şəkildə, İsrailin də nüvə silahına sahib olduğu ilə bağlı geniş yayılan iddialar mövcuddur və bu silahların hazırlanmasında ABŞ-nin rolu olduğu açıq şəkildə ifadə olunur. Fransa isə İkinci Dünya müharibəsinin qaliblərindən biri olaraq, rəsmi şəkildə nüvə silahına sahib dövlətlər sırasındadır”, - deyə analitik izah edib.
O vurğulayıb ki, Türkiyənin də gələcəkdə nüvə dövləti statusuna yüksəlməsini arzu edərdik. Çünki nüvə silahı bu gün konvensional silahlardan daha güclü və daha qoruyucu xarakter daşıyır. Lakin hazırkı vəziyyətdə Türkiyənin bu istiqamətdə konkret və açıq siyasəti müşahidə olunmur. Həmçinin məlumdur ki, nüvə silahına sahib olmaq çox çətin və uzunmüddətli bir prosesdir. Onun fikrincə, Türkiyə gələcəkdə belə bir addım atarsa, beynəlxalq aləmdə ciddi siyasi, diplomatik və iqtisadi təzyiqlərlə üzləşə bilər. Bu təzyiqlərin səviyyəsini və xarakterini indidən dəqiq proqnozlaşdırmaq isə çətindir.
Qeyd edək ki, Türkiyənin nüvə dövlətinə çevrilmə məsələsi gündəmdədir. Statistikaya görə, Türkiyə vətəndaşlarının 71%-i buna razı, 18%-i əleyhinədir.
11%-i isə hələ qərar verməyib.
Aysel Mətləb
tag: Kazım Kazımov,Politoloq,Türkiyə,Nüvə,Todaypress.tv,
