907-ci düzəlişin ləğvi Azərbaycana nə vəd edir? – DEPUTAT AÇIQLADI
Təhlil
11.08.2025 16:33
“Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona tarixi səfəri zamanı qəbul edilən strateji qərarlardan biri də 907-ci düzəlişin ləğvi oldu. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığı Müdafiə Aktı”na əlavə edilmiş və ABŞ-nin birbaşa dövlət yardımı göstərməsini qadağan edən qanunvericilik aktı idi. Beləliklə, 33 il sonra Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində bu məhdudiyyət aradan qaldırıldı”.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov danışıb.
O, düzəlişin ləğvinin əhəmiyyətindən bəhs edib:
“Bu dəyişiklik yalnız strateji və siyasi əhəmiyyət daşımır, həm də iqtisadi baxımdan vacibdir. Bu addım ABŞ‑nin Azərbaycana birbaşa dövlət yardımlarının həcmini artıracaq. Belə ki, 2024-cü ildə Azərbaycan ABŞ-dən cəmi 20 milyon dollar yardım alıb. Oxşar dövrdə Ermənistan 92 milyon, Gürcüstan isə 180 milyon dollar yardım əldə edib. Ermənistana ötən il Azərbaycandan 4.6 dəfə, Gürcüstana isə 9 dəfə çox yardım ayrılıb. 2024-cü ildə ən çox yardım alan ölkə isə müharibədə olan Ukrayna olub – ona 16.4 milyard dollar ayrılıb. Efiopiya, İordaniya, Somali və Konqo isə bu siyahıda ilk beşliyi tamamlayıb”.
Deputat əlavə edib ki, 907-ci düzəlişin ləğvi nəticəsində Azərbaycanın ABŞ-dən daha böyük həcmdə kömək almaq potensialı yaranır:
“Bu, müxtəlif sektorlarda Vaşinqton yardımı almaq imkanlarını genişləndirir. Düzəlişin ləğvinin Azərbaycan-ABŞ strateji tərəfdaşlığının güclənməsində xüsusi rolu var. İki ölkə arasında münasibətlərin strateji xətt üzrə inkişaf etdiyindən xəbər verir. Eyni zamanda, bu qərar ABŞ-dən Azərbaycana daha çox sərmayə cəlb edilməsinə şərait yaradacaq. Ölkəmizə sərmayə qoymaqda maraqlı olan özəl şirkətlər aktiv olacaq. Bu, qeyri-neft sektoruna əlavə texnologiya və innovasiyaların gətirilməsinə, iqtisadi diversifikasiya hədəflərimizin reallaşmasına dəstək olacaq”.
Parlamentarinin qənaətincə, 907-ci düzəlişin aradan qalxması fonunda Azərbaycan-ABŞ strateji tərəfdaşlığı daha da güclənəcək, ABŞ texnologiyası və investisiyaları ölkəyə axın edəcək:
“Bütün bunlar göstərir ki, 907-ci düzəlişin ləğvi Azərbaycan və ABŞ münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu təsdiqləməklə yanaşı, ölkəmizdə dayanıqlı iqtisadi inkişafa müsbət təsir göstərəcək”, - deyə o fikrini yekunlaşdırıb.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,907-ci düzəliş,Ləğv,Azərbaycan,Todaypress.tv,
