Zəngəzur dəhlizinin “açarı” kimdə olacaq? - POLİTOLOQDAN ŞOK İDDİA
Təhlil
12.08.2025 18:15
"2025-ci ilin sonuna qədər Azərbaycanın öz ərazisində, Ermənistan sərhədinə qədər dəmiryolu və avtomobil yolunun inşası tamamlana bilər”.
Politoloq Natiq Miri bunu Zəngəzur dəhlizinin açılma perspektivləri ilə bağlı TodayPress TV-yə danışarkən bildirib.
O vurğulayıb ki, bu layihə ilə bağlı bəzi qeyri-müəyyənliklər mövcuddur. Məsələn, razılaşdırılmış əsas məqamlardan biri budur ki, ABŞ-yə məxsus bir şirkət nəqliyyat yolunun idarə edilməsini 99 il müddətinə öz üzərinə götürəcək. Lakin üçüncü tərəfin iştirakı və tələb olunan ciddi investisiya məbləği kimi məsələlər hələlik qeyri-müəyyən olaraq qalır. O, həmçinin Birləşmiş Ərəb Əmirlikləri kimi ərəb ölkələrinin maliyyələşdirmədə rol oynaya biləcəyini də ehtimal edib.
"Əsas məsələ budur ki, Azərbaycan, Ermənistan və ABŞ arasında bu layihəni həyata keçirmək üçün siyasi iradə və razılıq əldə edilib. ABŞ-nin bu iradəsi davamlı olarsa, dəhlizin reallaşması o qədər də uzaq deyil”.
Analitik əlavə edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını stimullaşdıra bilər. Çünki sülh dəhliz üçün təhlükəsizlik zəmanəti yaradır. Yalnız 44 km məsafədən ibarət olan bu dəhliz, kifayət qədər maliyyə dəstəyi olarsa, nisbətən qısa müddətdə tikilib istifadəyə verilə bilər. Lakin tərəflər hələ layihənin konkret detalları ilə bağlı açıqlama verməyiblər.
Suverenlik məsələsinə toxunan ekspert bildirib ki, Ermənistan nəzarət hüquqlarını başqasına vermək istəmir və hər şeyin öz yurisdiksiyası çərçivəsində baş tutacağını bəyan edir. Buna baxmayaraq, ABŞ şirkətinin idarəetmə rolu regionda həmin ölkənin təsir imkanlarını artırır.
“Məsələnin ən diqqətçəkən məqamlarından biri isə dəhlizin “açarı”nın kimdə olacağıdır. Əgər yolun Ermənistan hissəsinin idarə edilməsi 99 illik müddətə ABŞ-yə məxsus bir şirkətə tapşırılıbsa, bu, regionda Ağ Evin təsir imkanlarını artıracağı və layihənin “açarı”nın birbaşa onda olacağı ehtimalını gücləndirir”, - deyə o fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: Natiq Miri,Politoloq,Ermənistan,Azərbaycan,Sülh,Zəngəzur,Dəhliz,Todaypress.tv,
