Politoloq: İlham Əliyevin BMT-dəki çıxışı beynəlxalq ictimaiyyətə güclü mesaj verdi

Təhlil

26.09.2025 15:04

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. 

“BMT dünya ölkələrini bir araya gətirən ən nüfuzlu platforma sayılsa da...”

Dövlət başçısının nitqi həm regional, həm də qlobal səviyyədə mühüm mesajlar kimi qiymətləndirilir.

Məsələni şərh edən politoloq Əli Mustafa TodayPress TV-yə bildirib ki, BMT dünyada ən əhatəli təşkilatdır və sülhün, təhlükəsizliyin təmin olunması məqsədilə yaradılıb.

Artıq 80 ildir ki, beynəlxalq münasibətlər sistemində baş verən hadisələr ən yüksək səviyyədə bu təşkilat çərçivəsində müzakirə olunur. BMT dünya ölkələrini bir araya gətirən ən nüfuzlu platforma sayılsa da, son illər bu qurumun bir çox problemləri tənzimləməkdə çətinlik çəkdiyi də açıq görünür.

“Prezidentin çıxışı beynəlxalq ictimaiyyət tərəfindən xüsusi diqqətlə izlənilib”

Ekspertin  sözlərinə görə, 80-ci sessiya BMT-nin böhran yaşadığı bir dövrə təsadüf edir. Məhz belə bir şəraitdə Azərbaycan Prezidentinin çıxışı beynəlxalq ictimaiyyət tərəfindən xüsusi diqqətlə izlənilib. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir.

Siyasi şərhçi onu da qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın son 30 ildə üzləşdiyi reallıqlar geniş əksini tapıb: 

"Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması, BMT və digər qurumların bu işğalı aradan qaldırmaması, nəticədə Azərbaycanın öz gücü hesabına torpaqlarını azad etməsi və hazırda həmin ərazilərdə aparılan quruculuq işləri xüsusi vurğulandı. Bununla yanaşı, bölgədə hələ də ciddi problemlərin qaldığı, xüsusilə erməni silahlı qüvvələrinin basdırdığı minaların 400-dən çox azərbaycanlının həyatına son qoyması məsələsi də diqqətə çatdırıldı”.

“Prezidentin çıxışında yalnız Azərbaycanın deyil, həm də müasir dünyanın mövcud problemləri və çağırışları əksini tapıb”

Analitikin fikrincə, prezidentin çıxışında yalnız Azərbaycanın deyil, həm də müasir dünyanın mövcud problemləri və çağırışları əksini tapıb. Bu isə Azərbaycanın beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi ilə yanaşı, region reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Jalə Rövşən

TodayPress TV

tag: Əli Mustafa,Politoloq,Prezident,BMT,Çıxış,Todaypress.tv,

photo