Rusiya qazına “yox”: Aİ-nin qərarı bazarı necə dəyişir?
İqtisadiyyat
20.01.2026 13:11
“Avropa İttifaqının (Aİ) 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalını tam dayandırması bəzi ölkələr üçün ciddi iqtisadi dividendlər yaradır”.
İqtisadçı Eldəniz Əmirov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Aİ-nin Rusiyadan imtinasının əsas qazanc gətirdiyi ölkələrə diqqət çəkib:
“Avropa İttifaqının 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalını tam dayandırması daha çox o ölkələr üçün iqtisadi dividendlər vəd edir ki, həmin ölkələr öz qazını ixrac etməyə bazar tapmaqda çətinlik çəkir, yaxud qazı ucuz qiymətə ixrac edir. Bu kontekstdə Aİ-nin Rusiyadan imtinası belə ölkələr üçün fürsət hesab olunur. Burada ən çox qazanan tərəf isə ABŞ-dir. Çünki ABŞ-nin kifayət qədər qaz ehtiyatları mövcuddur və sıxılmış, mayeləşdirilmiş qaz ixracı bu ölkə üçün daha genişlənən potensiala malikdir”.
İqtisadçı Azərbaycanın Avropaya qaz ixracının payına da toxunub:
“Azərbaycanın Avropaya ixrac etdiyi qaz həcmi Avropanın illik istehlakının hazırkı vəziyyətdə təxminən 2–3 faizi qədərdir. Aİ-nin illik qaz istehlakı 500 milyard kubmetr təşkil edir. Bu həcmdə Azərbaycanın Avropaya 10 milyard kubmetr qaz ixrac etməsi təxminən 2 faiz deməkdir. Əgər bu göstərici 15 milyard kubmetrə çatdırılarsa, Azərbaycanın payı 3 faizə yüksələcək”.
Eldəniz Əmirov bildirib ki, Azərbaycan qazına tələbat yalnız Avropa ilə məhdudlaşmır:
“Azərbaycan qazına onsuz da Avropada, Asiyada, Türkiyədə, Gürcüstanda və digər regionlarda kifayət qədər ehtiyac var və Azərbaycan qazını rahat şəkildə sataraq iqtisadi mənfəət əldə edir. Lakin Aİ-yə qaz ixracı, xüsusilə də Avstriya və Almaniyanın 15-ci və 16-cı ölkələr kimi bu prosesdə adının çəkilməsi artıq təkcə iqtisadi deyil, daha çox siyasi dividendlər qazandırır və ölkənin strateji əhəmiyyətini daha da artırmış olur”.
Qeyd edək ki, Almaniyanın "BILD" qəzeti iddia edir ki, Avropa İttifaqı 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalını tam dayandıracaq.
Qiymət Mahir
tag: Aİ,Qaz,İdxal,Rusiya,Todaypress.tv,
