Regionda böyük iqtisadi canlanma: Avtomobil bazarı Ağdama köçürülsə...
İqtisadiyyat
25.11.2025 15:22
Bakıda fəaliyyət göstərən avtomobil bazarının Ağdama köçürüləcəyi ilə bağlı fikirlər səsləndirilir. Mövcud dəyişikliklərin avtomobil qiymətlərinə və alış-satış prosesinə mümkün təsirləri cəmiyyətin diqqət mərkəzindədir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı TodayPress TV-yə danışıb.

Onun sözlərinə görə, bazarın Ağdama daşınması ilk növbədə bölgədə iqtisadi aktivliyin artmasına səbəb olacaq:
“Bu addım yüzlərlə yeni iş yerinin açılması, minlərlə insanın həmin ərazidə dolanışıq imkanının formalaşması deməkdir. Yeni avtomobillərin satışı bazarın əsas hissəsini təşkil etməyəcək. Çünki Azərbaycanda istehsal olunan avtomobillərin sayı məhduddur və onların əksəriyyəti əvvəlcədən sifarişlə satılır. Yeni istehsal olunan maşınların sayı azdır. Amma Ağdamda onlar üçün ayrıca mağaza və nümayəndəliyin açılması da əlavə iş yerlərinin açılmasına şərait yarada bilər”.
Ekspert bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində yaşayanlar bundan sonra avtomobil almaq üçün uzun məsafə qət edib Bakıya gəlmək məcburiyyətində olmayacaqlar:
“Regionlarda maşın almaq istəyən vətəndaş artıq bunu Bakıda yox, elə Ağdamda edə biləcək. Bu da həm vaxt, həm də xərc baxımından üstünlükdür. Köçürülmə ikinci əl avtomobil bazarının fəaliyyətinə də müsbət təsir göstərə bilər. Bərdə kimi bölgələrdə mövcud olan avtomobil bazarlarının da mərhələli şəkildə Ağdama cəmlənməsi mümkündür. Mərkəzləşdirilmiş avtomobil bazarı kimi Ağdam çox əlverişli məkandır və burada ikinci əl bazarı yaxşı işləyə bilər”.
Elməddin Muradlı əlavə edib ki, avtomobil bazarı təkcə maşın satışından ibarət olmadığından, müxtəlif xidmət sahələrinin də bölgədə formalaşması gözlənilir:
"Aksesuar mağazaları, servis xidmətləri, təkər satışı, plyonka çəkənlər və digər xidmət sahələri də açılacaq. Beləliklə, bazarda çalışanların sayı bir neçə dəfə artır. Ağdamın bu sahədə rolu olub. Üstəlik, nəqliyyat-logistika şəbəkəsinə qoşulması baxımından da layihə məqsədəuyğundur", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Elməddin Muradlı,Ekspert,Region,Avtomobil bazarı,Todaypress.tv,
