Prezidentdən yeni qərar: Kimlər faydalanacaq?
İqtisadiyyat
27.11.2025 14:18
Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, ölkədə “Ərzaq təminatı xəritəsi” adlı yeni informasiya sistemi formalaşdırılır. Sənədə görə, sistemin sahibi və operatoru İqtisadiyyat Nazirliyi olacaq. Nazirlər Kabinetinə isə üç ay müddətində əsasnaməni təsdiq etmək və fərmandan irəli gələn digər tapşırıqları icra etmək tapşırılıb.
Bəs bu platformanın ərzaq təhlükəsizliyi və bazar tənzimlənməsi baxımından hansı təsirləri olacaq?
Məsələni TodayPress TV-yə şərh edən iqtisadçı Elçin Rəşidov bildirib ki, belə mexanizmlər müəyyən şərtlərdə faydalı alətə çevrilə bilər:

""Ərzaq təminatı xəritəsi" kimi mərkəzləşdirilmiş planlaşdırma alətləri - planlı iqtisadiyyata əsaslanan iqtisadi sistemlərdə bəzən mühüm rol oynayır. Dövlət bu yolla hansı kənddə və ya rayonda hansı ərzaqların nə qədər olduğunu izləyə, anbar və ticarət şəbəkələrinin təchizatını planlaşdıra bilər. Eyni zamanda, əhali tələbatı müəyyən olunaraq qabaqlayıcı logistika tədbirləri həyata keçirilə bilər. Toplanan istehlak məlumatları isə həm idxal, həm də istehsal planlarının hazırlanmasına dəstək verir".
İqtisadçı vurğulayıb ki, Azərbaycanın hazırkı iqtisadi modelində belə mərkəzləşdirilmiş yanaşmaların effektivliyi sual altındadır:
"Ölkədə bazar iqtisadiyyatı mövcuddur və bu sahələri əsasən bazar özü tənzimləyir. Bu halda İqtisadiyyat Nazirliyinin belə bir sistemlə məşğul olması əlavə xərclər yaradır. Büdcə vəsaitlərindən daha səmərəli istifadə olunmalıdır".
Ekspertin sözlərinə görə, sistemin məqsədləri və real faydası hələ rəsmi şəkildə əsaslandırılmayıb:
"Faydası tam izah edilməmiş bir qurumun yaradılması büdcəyə əlavə yük gətirə bilər. Üstəlik, İqtisadiyyat Nazirliyinin həm iqtisadi, həm də təşkilati potensialı zəifdir. Nazirliyin tərkibindəki şirkətlərin səmərəli və şəffaf idarə olunmasına dair ciddi suallar var. Bu qurumlar çox vaxt iqtisadiyyata xeyirdən çox yük yaradır".
Elçin Rəşidov hesab edir ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün artıq funksional səmərəliliyi olmayan strukturlardan və xərclərdən imtina edilməlidir:
"İqtisadiyyatın irəliləməsi üçün büdcəni və iqtisadi sistemi lazımsız ballastlardan təmizləmək vacibdir", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Elçin Rəşidov,İqtisadçı,Prezident,Qərar,Todaypress.tv,
