Onlayn cərimə ödənişlərinə əlavə xərc: Komissiya nə dərəcədə qanunidir?

İqtisadiyyat

13.11.2025 11:50

Azərbaycan bankları onlayn cərimə ödənişi zamanı vətəndaşlardan xidmət haqqı kimi komissiya tutmağa başlayıblar. Hazırda komissiya məbləği orta hesabla 0.40 manat təşkil edir və ödəniş zamanı avtomatik olaraq cərimə məbləği ilə birlikdə hesablanır.

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli TodayPress TV-yə bildirib ki, qanunvericiliyə əsasən, banklar və ödəniş təşkilatları göstərdikləri xidmətlərə görə komissiya müəyyən etmək hüququna malikdirlər. 


Bu məsələ "Banklar haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlarla tənzimlənir.

Lakin ekspertin sözlərinə görə, burada əsas məsələ şəffaflıqdır:

"Qanuna görə, bank müştərini ödəniş həyata keçirilməzdən əvvəl əməliyyatın ümumi dəyəri, komissiya məbləği və şərtləri barədə aydın şəkildə məlumatlandırmalıdır. Əgər bu məlumat açıq şəkildə təqdim olunmadan komissiya tutulursa, bu, istehlakçı hüquqlarının pozulması sayılır".

İqtisadçı əlavə edib ki, komissiya dövlət cəriməsinin tərkib hissəsi deyil və dövlət büdcəsinə yönəlmir. Bu, bankın və ya ödəniş operatorunun göstərdiyi texniki və maliyyə xidmətinə görə hesablanan xidmət haqqıdır:

"Komissiya ayrı şəkildə göstərilməli və vətəndaşa seçim imkanı verilməlidir. Müştəri biləndə ki, bank ondan cərimə ödənişinə görə xidmət haqqı alır, o, başqa bank və ya ödəniş vasitəsi seçə bilər. Bu da banklar arasında sağlam rəqabəti formalaşdırar".

Akif Nəsirli vurğulayıb ki, bəzi banklar bu komissiyanı əməliyyatın texniki xərcləri,  infrastrukturun saxlanması, təhlükəsizlik və məlumatların qorunması ilə əlaqələndirirlər. Lakin sosial baxımdan bu, vətəndaş üçün əlavə yük yaradır. Cərimə özü vətəndaş üçün məsuliyyət ölçüsüdür. Onun üzərinə bir də bank xidməti üçün əlavə ödəniş qoyulması sosial ədalət prinsiplərinə zidd görünür. 

Ekspert bu baxımdan dövlət qurumlarının komissiyasız ödəniş platformalarının – məsələn, asanpay.az və e-gov.az kimi portalların istifadəsini genişləndirməsini vacib sayır:

"Dövlət bu cür platformaları vətəndaş üçün pulsuz və rahat ödəniş mühiti yaratmaq məqsədilə tətbiq edir. Bu yanaşma daha sosial ədalətli sayılır", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

tag: Azərbaycan ,Onlayn cərimə,Akif Nəsirli,İqtisadiyyat,Todaypress.tv,