Ölkəmiz Beynəlxalq Elektrotexniki Komissiyada (IEC) assosiativ üzv qismində təmsil olunacaq

İqtisadiyyat

25.12.2025 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) vasitəsilə ölkəmiz 1 yanvar 2026-cı il tarixindən Beynəlxalq Elektrotexniki Komissiyada (IEC) assosiativ üzv qismində təmsil olunacaq.

TodayPress TV xəbər verir ki, IEC-ə üzvlüyün əsas məqsədi elektrik, elektron və əlaqəli texnologiyalar üzrə beynəlxalq standartlara inteqrasiyaların sürətləndirilməsi və beynəlxalq standartlaşdırma fəaliyyətində ölkəmizin rolunun artırılmasından ibarətdir.

Assosiativ üzvlük statusu həm IEC-in standart bazasından yararlanmağa, həm də bu təşkilatın elektrik, elektronika, sənaye, informasiya-kommunikasiya texnologiyaları, robototexnika və nanotexnologiyalar sahələrinin standartlaşdırma üzrə texniki komitələrində iştirak imkanı qazandıracaq. Bu, ölkəmizdə həmin sahələrin inkişafını stimullaşdıracaq, eləcə də yeni texnologiyaların mənimsənilməsinə, beynəlxalq və innovativ yanaşmaların tətbiqinə şərait yaradacaq.

Qeyd edək ki, cari ilin oktyabr ayında AZSTAND-ın IEC-ə assosiativ üzv qismində qəbulu tələblərinin təmin edilməsi məqsədilə Milli Elektrotexniki Komitə təsis edilib.

TodayPress TV

tag: Antiintihar,İstehlak Bazarı,Nəzarət,Dövlət Xidməti,Todaypress.tv,