Neft bahalaşdı: Təhlükə qapıdadır!

İqtisadiyyat

12.03.2026 14:41

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub. Dövlət başçısı vurğulayıb ki, bu, istehlakçılara bir zərbədir. Prezident qeyd edib ki, biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, bu məsələ dünya iqtisadiyyatında bir çox sahələrə ciddi təsir göstərir.


Onun sözlərinə görə, enerji resurslarının qiymətlərinin yüksəlməsi bir tərəfdən ixrac edən ölkələr üçün əlavə gəlir yaratsa da, digər tərəfdən qlobal iqtisadiyyatda ciddi problemlərə səbəb olur.

"Yüksək enerji qiymətləri dünyada müxtəlif malların istehsalına birbaşa təsir edir və nəticədə qiymət artımlarına gətirib çıxarır. Bir tərəfdən enerji resursları ixrac edən ölkələr bundan böyük vəsait əldə edirlər, digər tərəfdən isə yüksək qiymətlər dünyada bir çox malların istehsalına da ciddi təsir edir və qiymətlərin artmasına səbəb olur. Prinsip etibarilə isə neft və qaz ixrac edən ölkələr bundan elə də böyük qazanc əldə etmirlər. Əksinə, qiymətlərin dəyişkənliyi daxili bazara təsir göstərir və ölkələrin uzunmüddətli iqtisadi planlar qurmasına müəyyən problemlər yaradır".

Deputat əlavə edib ki, dünya ölkələri bu vəziyyəti nəzərə alaraq gələcəkdə belə situasiyalarda enerji resurslarının qiymətlərinin sabit qalması və ya az faizlə artması variantlarını müzakirə etməlidir.

"Bu istiqamətdə ehtiyat mexanizmlərin yaradılması da vacibdir. Azərbaycan bu məsələdə cənab Prezidentimizin vasitəsilə öz mövqeyini ortaya qoydu və şübhəsiz ki, ölkə başçısının  çıxışı təkcə forum iştirakçıları tərəfindən deyil, həm də dünyanın aparıcı dövlətlərinin analitik mərkəzləri tərəfindən ciddi şəkildə qiymətləndiriləcək", - deyə parlamentari bildirib.

Qeyd edək ki, Yaxın Şərqdəki münaqişə səbəbindən neftin qiyməti son olaraq bir barel üçün 100 dolları keçərək təxminən 100,29 dollara yüksəlib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aydın Mirzəzadə,Deputat,Neft,Bahalaşma,Təhlükə,Todaypress.tv,