İran məhsulları bahalaşa bilər? – AÇIQLAMA
İqtisadiyyat
19.01.2026 16:17
İranda son dövrlər baş verən hadisələr ölkənin iqtisadi vəziyyətinə mümkün təsirləri baxımından diqqət mərkəzindədir. Bu proseslərin istehsal və daşınma xərclərini artıracağı ehtimalları fonunda Azərbaycana idxal olunan İran məhsullarının taleyi də müzakirə olunur.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli TodayPress TV-yə bildirib ki, hazırda İrandan gətirilən məhsullarla bağlı azalma və ya bahalaşma müşahidə edilmir:

"Ticarət əlaqələri davam edir, hər hansı ciddi dəyişiklik qeydə alınmayıb. Vəziyyətin gələcəkdə necə inkişaf edəcəyi birbaşa hadisələrin miqyasından və eskalasiya səviyyəsindən asılı olacaq. Xüsusilə regionda hərbi gərginliyin artması risk faktorudur. Əgər hadisələrin eskalasiyası artsa və İrana qarşı hərbi əməliyyatlar başlasa, təbii ki, İrandan gələn məhsulların azalması müşahidə oluna bilər. Bu da o cümlədən Azərbaycana idxal olunan İran məhsullarına təsir göstərə bilər".
İqtisadçı əlavə edib ki, belə bir ssenari baş verərsə, İran məhsullarının qiymətlərində artım ehtimalı yaranacaq. Lakin hazırkı mərhələdə bununla bağlı konkret proqnoz vermək tezdir:
“Belə bir ehtimal var, amma hər şey hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq", - deyə Natiq Cəfərli qeyd edib.
Türkan İsgəndərli
tag: Natiq Cəfərli,İqtisadçı,İran məhsulları,Bahalaşma,Todaypress.tv,
