Dmitri Şaxanov: “Rekord nəticələr gözlənilir”
İqtisadiyyat
26.11.2025 11:54
"MDB məkanında nəqliyyat-logistika əməkdaşlığın genişləndirilməsində Azərbaycanın rolu var".
TodayPress TV xəbər verir ki, bunu “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini Dmitri Şaxanov deyib.
O bildirib ki, Azərbaycan regionun beynəlxalq nəqliyyat və logistika imkanlarının inkişafında, həmçinin rəqəmsal transformasiyada aparıcı mövqeyə malikdir.
Şaxanovun sözlərinə görə, Azərbaycan Dəmir Yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və xarici tərəfdaşlar arasında birgə səylərin gücləndirilməsi logistika zəncirində şəffaflığı və səmərəliliyi artırmağa xidmət edir:
"İlin sonuna qədər rekord nəticələrə nail olunacaq. Azərbaycan Dəmir Yollarının strukturundakı yeniliklər və Bakı Dəniz Ticarət Limanının yenidən qurulması nəqliyyat əməliyyatlarını əhəmiyyətli dərəcədə optimallaşdıracaq".
O, rəqəmsallaşdırma istiqamətində “vahid pəncərə” sisteminin tətbiqi, elektron hərəkət vərəqələri və beynəlxalq yükdaşımaların koordinasiyası üçün vahid rəqəmsal platformanın hazırlanmasını MDB ölkələri üçün nümunəvi addım kimi qiymətləndirib.
Dmitri Şaxanov Azərbaycanın bütün tranzit dəhlizlərinin effektivliyinin artırılması, yeni logistik zəncirlərin qurulması və marşrutların şaxələndirilməsi sahəsində fəal işlər gördüyünü bildirib:
"MDB məkanında dəmir yollarının rəqəmsal transformasiyası üzrə Azərbaycanla əməkdaşlıq davam etdiriləcək"
Sonda Rusiya Dəmir Yollarının rəsmisi Azərbaycanın MDB ölkələri ilə əlaqələrin inkişafında maraqlı olmasını yüksək qiymətləndirərək, bu sahədə birgə səylərin regionda nəqliyyat inteqrasiyasını daha da gücləndirəcəyinə əminliyini ifadə edib.
Türkan İsgəndərli
tag: Dmitri Şaxanov,MDB,İclas,Çıxış,Todaypress.tv,
