Bu banklardan kredit götürənlərin DİQQƏTİNƏ! Ödəniləcək məbləğə...
İqtisadiyyat
12.03.2026 14:53
Bəzi bankların fəaliyyətinin dəyişdirilərək bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi ilə bağlı qərardan sonra kredit götürmüş vətəndaşlarda ödəniş şərtləri ilə bağlı suallar yaranıb.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu halda mövcud kredit müqavilələri dəyişməz qalacaq.

Onun sözlərinə görə, həmin banklardan kredit götürmüş şəxslər kreditlərini əvvəlki faiz dərəcələri ilə ödəməyə davam edəcəklər.
"Bu, tərəflər arasında bağlanmış müqavilələrin hüquqi qüvvəsi ilə bağlıdır və həmin şərtlərin birtərəfli qaydada dəyişdirilməsi mümkün deyil. Hazırda həmin banklardan kredit götürənlər elə əvvəlki faiz dərəcəsi üzrə ödəniş edəcəklər. Çünki müştəri ilə bank arasında bağlanmış müqavilə mövcuddur və həmin müqavilənin şərtləri qüvvədə qalır. Bu şərtləri birtərəfli şəkildə dəyişmək olmaz".
Ekspert əlavə edib ki, dəyişikliklər yalnız bundan sonra veriləcək kreditlərə təsir göstərə bilər.
"Əgər bundan sonra həmin qurumdan kredit götürənlər olsa, artıq faiz dərəcələri fərqli ola bilər. Çünki BOKT-larda kredit faizləri adətən banklarla müqayisədə daha yüksək olur və yeni verilən kreditlər bu şərtlərlə təqdim edilə bilər", - deyə Əkrəm Həsənov vurğulayıb.
Qeyd edək ki, son dəyişiklikdən sonra ölkədə fəaliyyət göstərən bankların sayı 21-ə enəcək.
Türkan İsgəndərli
tag: BOKT,Bank,Kredit,Mərkəzi Bank,Əkrəm Həsənov,Todaypress.tv,
