Azərbaycan 4 körfəz ölkəsinə VİZA TƏLƏBİNİ ləğv etdi – "Məqsəd yalnız turizm deyil..."
İqtisadiyyat
19.02.2026 13:28
Azərbaycan 15 fevral 2026 – 15 fevral 2027 tarixləri arasında Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreyn vətəndaşları üçün viza tələbini ləğv edib.
Bu ölkələrin vətəndaşları göstərilən müddətdə Azərbaycana 3 dəfə vizasız daxil ola və hər girişdə 30 günədək qala bilərlər. Turizm məqsədi xaricində və ya uzunmüddətli qalmaq istəyənlər isə müvafiq viza almalıdırlar.
Maraqlıdır, bu addım turizm gəlirləri, investisiya axını, regional rəqabət, miqrasiya nəzarəti və daxili infrastrukturun yüklənməsi baxımından ölkə üçün hansı müsbət və mənfi nəticələr doğura bilər?
Sözügedən mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov TodayPress TV-yə danışıb.

İqtisadçı bu qərarın uzunmüddətli perspektivdə turizm və istirahət imkanlarını artıracaq strateji addım hesab edir:
"Hesab edirəm ki, bu qərarın bir il müddətində dərhal böyük ölçüdə təsiri hiss olunmasa da, perspektiv dövr üçün daha strateji və doğru qərarların verilməsi baxımından əhəmiyyətli bir addımdır. Ümumi kontekstdə bu addım Körfəz ölkələrinin turizm gəlirlərinin artmasına, həmçinin Azərbaycan vətəndaşlarının istirahət imkanlarının genişlənməsinə müsbət təsir göstərəcəkdir".
Ekspert qeyd edib ki, bir illik güzəşt əsasən səfər və investisiya əlaqələrini asanlaşdırmağa xidmət edir:
"Lakin bu viza güzəştinin bir illik müddətlə məhdudlaşması, ilk növbədə, Azərbaycan vətəndaşlarının — bura sahibkarlar, dövlət qurumlarının əməkdaşları və şirkət nümayəndələri daxildir — sözügedən ölkələrə gözlənilən sıx səfərlərini asanlaşdırmaq məqsədi daşıyır. Bu addım həm də Azərbaycan şirkətlərinin və dövlət qurumlarının həmin ölkələrdə investisiya fəaliyyəti göstərməsi, müxtəlif layihələrdə iştirakı və əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi üçün zəruri olan gediş-gəliş intensivliyini təmin edir".
İqtisadçı sonda vurğulayıb ki, viza güzəştinin əsas məqsədi yalnız turizm deyil, həm də müəyyən istiqamətlər üzrə hərəkət intensivliyini asanlaşdırmaqdır. İnvestisiya axını da bilavasitə həmin ölkələrdə həyata keçirilən bu fəaliyyətlərlə bağlıdır. Müddətli viza ləğvi (6 aylıq, 1 və ya 2 illik) adətən pilot layihə xarakteri daşıyır və ya konkret layihələrin, o cümlədən investisiya proqramlarının icrası dövründə prosedurların sadələşdirilməsinə xidmət edir.
Jalə Rövşən
tag: Viza,Azərbaycan,Turizm,İqtisadiyyat,Todaypress.tv,
