Vidaya aparan zəng: Fabinyo “Liverpul”dan ayrılmasının gerçək səbəbini açdı!
“Liverpul”un keçmiş yarımmüdafiəçisi, hazırda “Trabzonspor”da çıxış edən Fabinyo Yürgen Kloppun onun mersisayd təmsilçisindən ayrılmasına necə təsir etdiyindən danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “ESPN” “X” sosial şəbəkəsində məlumat yayıb.
Fabinyo ayrılıq prosesini belə xatırlayır:
“Mən klubu tərk etmək və Avropada başqa komandaya keçmək istəmirdim. Buranı dünyada ən yaxşı yer hesab edirdim. Lakin sonuncu mövsümümüz çox yorucu keçdi. Yaxşı çıxış etmədik və Çempionlar Liqasına vəsiqə qazana bilmədik. Bir neçə oyunda heyətdəki yerimi itirdim, lakin belə hallar olur. Yeni mövsümə böyük motivasiya və Premyer Liqa titulu uğrunda yenidən mübarizə aparmaq həvəsi ilə qayıtmışdım. Lakin mövsüm başlamazdan əvvəl “Əl-İttihad”dan təklif gəldi və klub rəhbərliyi bunun hər iki tərəf üçün çox sərfəli olduğunu bildirdi.
Tərəddüd etdim və məşqçilər korpusunun rəyini gözləmək qərarına gəldim. Komanda üçün vacib idmançı olduğumu və təklifi rədd edəcəklərini düşünürdüm, lakin klubun transferə açıq olduğunu anladım. Klopp mənə zəng edib nə istədiyimi soruşdu. Təklifin diqqətimi çəkdiyini, lakin onun fikrini eşitmək istədiyimi dedim. O isə getmək istəyən idmançıları saxlamayacağını bildirdi. Bu söhbət bir növ gedişim üçün qapını açdı. Məşqçi ilə bu danışıq məni klubda saxlaya bilərdi, lakin o, qərarı tamamilə öhdəmə buraxdı və bu, mənim xoşuma gəlmədi”.
Xatırladaq ki, braziliyalı futbolçu 2023-cü ildə “qırmızıları” tərk edərək Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçmişdi.
Namiq HUN