Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı

Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı
03.08.2026 11:37 İdman

“Qalatasaray”ın forvardının kapitan sarğısını qəbul etməməsi müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, “Qalatasaray”ın Fransanın “Renn” klubuna qarşı keçirdiyi yoldaşlıq oyununda Viktor Osimhenə təqdim olunan kapitan sarğısını qəbul etməməsi diqqət çəkib.

İstanbul təmsilçisi yeni mövsümə hazırlıq çərçivəsində “RAMS Park” stadionunda “Renn”i qəbul edib. 3:3 hesabı ilə başa çatan qarşılaşmada oyuna kapitan kimi başlayan Əbdülkərim Bardakçı 74-cü dəqiqədə əvəzlənərkən kapitan sarğısını Viktor Osimhenə təqdim edib.

Lakin nigeriyalı hücumçu sarğını qoluna taxmaq əvəzinə komanda yoldaşı Yunus Akgünə verib. Yunus Akgün Osimhenə sarğını taxmağı təklif etsə də, futbolçu bundan imtina edib.

Osimhenin bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Azarkeşlərin bir qismi bunu adi seçim kimi qiymətləndirsə də, digərləri son günlər yayılan transfer iddialarını nəzərə alaraq bu davranışı futbolçunun komandadan ayrılacağına işarə kimi dəyərləndirib.

Qeyd edək ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk daha əvvəl Viktor Osimhenin komandanın kapitanları sırasında yer almasını istədiyini açıqlamışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər