Olimpiada yolunda böyük sınaq: Cüdo millimiz Budapeştdə tatamiyə çıxır!

Olimpiada yolunda böyük sınaq: Cüdo millimiz Budapeştdə tatamiyə çıxır!
09.09.2026 16:18 İdman

Azərbaycan cüdoçuları sentyabrın 11-dən 13-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər.

TodayPress TV Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizi 11 çəki dərəcəsində 16 idmançı (12 kişi, 4 qadın) təmsil edəcək.

Kişilərdən ibarət milli komanda baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığma isə baş məşqçi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi altında turnirin mükafatları uğrunda mübarizə aparacaq.

Qadınların yarışında Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisionova (+78 kq) tatamiyə çıxacaq.

Kişilər arasında isə Murad Muradlı, Babarəhim Mirzəyev (hər ikisi 60 kq), Rəşad Yelkiyev, Nizami İmranov (hər ikisi 66 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Əjdər Bağırov (100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) ölkəmizi təmsil edəcəklər.

Dünya Cüdo Turuna daxil olan turnirdə A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədaləti qoruyanlar arasında yer alacaq.

Qeyd edək ki, "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran yarışda 70 ölkədən 500-dən çox cüdoçunun iştirakı gözlənilir.

Namiq HUN

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər