Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik”

Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik”
18.08.2026 08:26 İdman

“Bavariya” klubunun qapıçısı Manuel Noyer “Leypsiq”ə qarşı keçirilən yoxlama oyunundan sonra gələcək planları barədə danışıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Goal.com” məlumat yayıb.  

Noyer bildirib ki, komandası yoxlama matçlarına da ciddi yanaşır və “Leypsiq” üzərində qələbəni haqq edib:

“Əvvəla deməliyəm ki, hisslərim yaxşıdır. Hər bir yoxlama oyununa, rəqibin kimliyindən asılı olmayaraq, ciddi yanaşmaq lazımdır. Asiyada “Aston Villa” ilə də qarşılaşmışdıq və inamlı oyun nümayiş etdirmişdik. İndi də eyni vəziyyət oldu. Təbii ki, çoxlu əvəzləmələr edildi, məşqçi futbolçulara oyun vaxtı verməyə və yükü müəyyən qədər bölüşdürməyə çalışdı. Qələbəyə layiq idik və yaxşı oyun göstərdik”.

Münhen təmsilçisi görüşdə 3:1 hesabı ilə qalib gəlib.

Karyerasını gələn yay başa vurmaq ehtimalı ilə bağlı suala cavab verən 40 yaşlı qapıçı hələlik yekun qərar vermədiyini bildirib.

“Mən hər şeyin öz axarı ilə getməsinə imkan verəcəyəm və sonra nələrin baş verəcəyinə baxacağam. Mövsümü ən yüksək hədəflər uğrunda mübarizə aparmaq məqsədi ilə keçirəcəyəm. Bundan sonra nə olacağını isə görəcəyik”, – deyə Noyer açıqlayıb.

Manuel Noyerin “Bavariya” ilə müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. Qapıçı ötən mövsüm bütün turnirlərdə 37 oyunda iştirak edib. O, bu matçlarda 40 qol buraxıb və 10 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər