Makron Fransası niyə çökür?

Makron Fransası niyə çökür?
05.10.2026 09:59 Təhlil

Emmanuel Makronun prezidentliyi başa çatmaq üzrədir və bu dövr Fransa üçün gözlənilənin əksini gətirib. Bloomberg-in son yazısına görə, ölkə indi Avropanın “ən zəif halqası”dır. 

İqtisadi artımın zəifləməsi, dövlət borcunun sürətli artımı və siyasi qeyri-sabitlik investorların inamını ciddi şəkildə sarsıdıb. Parlamentdə stabil çoxluğu olmayan hökumət isə maliyyə sabitliyini bərpa edə biləcək büdcə qəbul etmək məcburiyyətindədir.

Makron 2017-ci ildə hakimiyyətə gələndə pro-biznes islahatlar vəd edirdi. Əmək qanunvericiliyinin yumşaldılması və şirkətlər üçün vergilərin azaldılması ilk illərdə müəyyən nəticə verdi: iqtisadiyyat 2 faizdən çox böyüdü, işsizlik səviyyəsi isə azaldı. Bu, Fransanın investisiya cəlbediciliyini müvəqqəti olaraq artırdı. Lakin 2018-ci ildə yanacaq vergilərinin artırılması planı “Sarı jiletlilər” hərəkatını doğurdu. Kütləvi etirazlar hökuməti geri çəkilməyə məcbur etdi. Gərginliyi azaltmaq üçün vergi güzəştləri və sosial ödənişlərə 10 milyard avrodan çox vəsait ayrıldı. Bu, islahatların davamlılığını sual altına qoydu və xərclərin artımına yol açdı.

Sonrakı illərdə pandemiya və enerji böhranı vəziyyəti daha da pisləşdirdi. 2020–2022-ci illərdə pandemiyanın təsirini yumşaltmaq və iqtisadiyyatı stimullaşdırmaq üçün təxminən 190 milyard avro xərcləndi. Enerji böhranı dövründə isə əlavə olaraq təxminən 72 milyard avro sərf olundu. Bu vəsaitlər qısa müddətdə sosial sabitliyi qorudu, lakin uzunmüddətli maliyyə yükü yaratdı. Nəticədə dövlət borcu və büdcə kəsiri kəskin artdı. Son məlumatlara görə, borc ÜDM-ə nisbətdə 113–119 faiz civarında dəyişir, kəsir isə 5 faizdən yuxarı qalır – bu, Avropa İttifaqının 3 faizlik hədəfindən xeyli uzaqdır. İctimai xərclərin ÜDM-dəki payı isə 57 faizə yaxınlaşaraq Avropada ən yüksək səviyyələrdən birinə çatıb.


Siyasi və iqtisadi sabitliklə yanaşı, Makron erasının ən böyük fiaskolarından biri də daxili təhlükəsizlik və immiqrasiya siyasətində yaşandı. Fransanın şəhər ətraflarında və miqrantların sıx yaşadığı mərkəzlərdə inteqrasiya problemləri illərlə toplanaraq kütləvi xaosa çevrildi. Xüsusilə Paris regionunun şimal-qərbində yerləşən və miqrant əhalinin sıx məskunlaşdığı Asnières kimi şəhərlər bu böhranın mərkəzinə çevrildi. Lisey şagirdlərinin təhsil ixtisarlarına qarşı başlatdığı etirazlar zamanı Asnières polislə şiddətli toqquşmaların, qurulan barrikadaların və yanğınların əsas ocağına çevrilərək dövlətin nəzarəti necə itirdiyini göstərdi. Şəhərlərdə maşınların və dövlət binalarının yandırılması ilə müşayiət olunan bu sosial üsyanlar Makron hökumətinin daxili asayişi qorumaqdakı acizliyini və ölkədəki sosial parçalanmanın nə dərəcədə dərinləşdiyini nümayiş etdirdi.

2022-ci ildən sonra parlamentdə mütləq çoxluğun itirilməsi və 2024-cü ildəki erkən seçkilər siyasi parçalanmanı daha da qazıdı. Hökumətlərin tez-tez dəyişməsi və büdcə müzakirələrinin uzanması investorların ehtiyatını artırır. Fransa istiqrazlarının Almaniya ilə faiz fərqi son illərin ən yüksək səviyyəsinə yaxınlaşıb. Bazarlar ölkənin maliyyə intizamını bərpa edə biləcəyinə şübhə ilə yanaşır. Makronun ilkin ambisiyası – Fransanı güclü, pro-Avropa və biznes yönümlü güc mərkəzinə çevirmək – indi əks nəticə verib. Ölkə digər Avropa dövlətləri ilə müqayisədə daha yavaş böyüyür, borc yükü və daxili xaos isə artmaqda davam edir. Bu vəziyyət təkcə Paris üçün deyil, bütün avrozona üçün risk yaradır.

Daxili iqtisadiyyatda, təhlükəsizlikdə və Avropadakı mövqelərində yaranan bu tənəzzül Fransanın xarici siyasətinə, xüsusən də Cənubi Qafqaz diplomatiyasına təsirsiz ötüşməyib. Makronun hakimiyyət illəri Azərbaycan–Fransa münasibətləri tarixində də dərin böhran dövrü kimi yadda qalıb. İki ölkə arasında əvvəllər mövcud olan strateji tərəfdaşlıq, "TotalEnergies", "Alstom" və "Thales" kimi nəhəng şirkətlərin iştirakı ilə həyata keçirilən iqtisadi layihələr, eləcə də Fransanın neytral vasitəçilik rolu Makron erasında tamamilə iflasa uğrayıb. Daxili siyasətdə erməni diasporunun təsirinə meyillənən Makron administrasiyası neytrallığı itirərək Ermənistanı zirehli texnikalar və "CAESAR" haubitsaları ilə silahlandırmaq yolunu tutdu. Bu addımlar, Fransa parlamentindəki anti-Azərbaycan qətnamələri, qarşılıqlı diplomatik qovulmalar və casusluq qalmaqalları ilə birləşərək münasibətləri tarixin ən aşağı səviyyəsinə endirdi. Nəticədə Bakı Fransız Liseyinin fəaliyyətini dayandırması və mədəni-humanitar layihələrin dondurulması ilə diplomatik çat həm də sosial sahəyə keçdi. Beləliklə, Makron xarici siyasətdə də regionun ən böyük iqtisadiyyatı olan Azərbaycanla strateji dialoqu və Cənubi Qafqazdakı vasitəçilik imkanlarını sıfırladı.

Fransanın bu vəziyyətə düşməsi təkcə xarici şoklarla izah olunmur. Erkən islahatların yarımçıq qalması, sosial və immiqrasiya təzyiqlərinə acizlik nümayiş etdirilməsi, xarici siyasətdə strateji tərəfdaşların itirilməsi və böhran xərclərinin vaxtında azaldılmaması uzunmüddətli problemlər yaradıb. Gələcək prezident seçkilərinə qədər hökumətin real büdcə intizamı, daxili asayiş və balanslı xarici siyasət nümayiş etdirməsi inamı bərpa etmək üçün həlledici olacaq. Əks təqdirdə, Fransanın “ən zəif halqa” statusu həm iqtisadi, həm daxili təhlükəsizlik, həm də geostrateji müstəvidə daha da möhkəmlənə bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər