“Mehdiyev işi”ndə kritik an - Şərq-Qərb mətbəəsi bağlanır

“Mehdiyev işi”ndə kritik an - Şərq-Qərb mətbəəsi bağlanır
05.10.2026 11:02 Gündəm

Dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev məsələsi yenidən gündəmdədir. 

Yeri gəlmişkən, mətbuatda yayılan xəbərlərə görə, bu gün Ramiz Mehdiyev və onun köməkçisi olmuş Eldar Əmirovun məhkəmə istintaqı başlayır. 

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada baxılacaq. Hakimlər heyətinin tərkibində Firdovsi Əliyev və Namiq Kərimov təmsil olunur. Keçirilən iclasda dövlət ittihamçısının ittiham aktını açıqlayacağı, təqsirləndirilən şəxslərin ifadə verməyə başlayacağı gözlənilir.

Lakin "TodayPress TV" olaraq əldə etdiyimiz başqa bir eksklüziv informasiya var.   Məhkəmə prosesi ilə paralel olaraq Mehdiyevlər ailəsinə məxsus biznes strukturlarında da ciddi proseslər baş verir. 

Əldə etdiyimiz məlumata görə, "Şərq-Qərb" mətbəəsində kütləvi ixtisarların aparılmasına başlanılıb və müəssisənin yaxın vaxtlarda tam bağlanacağı gözlənilir.   

Qeyd edək ki, "Şərq-Qərb" mətbəəsində indiyədək müxtəlif dövlət qurumlarının milyonlarla manat dəyərində layihələri, dərslik və poliqrafiya sifarişləri icra edilirdi.   

Xatırladaq ki, "Şərq-Qərb" ASC-nin səhmlərinin nəzarət zərfi (96,5%-i) Ramiz Mehdiyevin oğlu,  general-mayor Teymur Mehdiyevə aiddir.

Jalə Rövşən

"TodayPress TV" 

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər