NBA ulduzundan maraqlı futbol etirafı!
İdman
29.04.2026 15:08
NBA çempionu, “Miluoki Baks” klubunun ulduz basketbolçusu Yannis Adetokunbo futbolun iki əfsanəsi - Lionel Messi və Kriştiano Ronaldo arasında seçim edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Mundo Deportivo” nəşrinə danışıb.
Yunanıstanlı forvard bu müqayisəni Maykl Cordan və Lebron Ceyms arasındakı rəqabətə bənzədib.
Adetokunbo Messinin fitri istedadını yüksək qiymətləndirsə də, öz oyun fəlsəfəsinin Ronaldoya daha yaxın olduğunu bildirib:
“Bu, Maykl Cordanla Lebron Ceyms arasında seçim etmək kimidir. Düşünürəm ki, Messi əsl istedaddır və zəhməti, intizamı sayəsində karyerası boyunca zirvəyə çatıb, bəlkə də bütün zamanların ən yaxşısı olub. Amma mənim üçün ən vacibi ünsiyyətdə olduğum, çox çalışan, intizamlı olan, bədəninə qulluq edən və illərlə sabit qalan insanlara bənzəməkdir.
Kriştianonun artıq 41 yaşı var və hələ də yüksək səviyyədə oynayır. Mənim yanaşmam daha çox Ronaldonunkuna bənzəyir.
Kriştiano öyrətməyi öyrənməkdən daha çox sevir, mən elə deyiləm. Amma futbola sevgi, sabitlik, zəhmət, səviyyəni artırmaq və daim inkişaf etmək baxımından mən Ronaldoya daha çox bənzəyirəm.
Karyera nailiyyətlərini müqayisə etsək, birinin səkkiz “Qızıl top”u, digərinin beş “Qızıl top”u var. Birinin dünya çempionluğu var, digərinin yoxdur. Birinin beş, digərinin dörd Çempionlar Liqası titulu var. Seçim sizindir. Amma sizdən nə vaxtsa “Messi, yoxsa Ronaldo?” soruşurlarsa, deməli artıq qalibsiniz. Kaş ki, bir gün “Cordan, yoxsa Yannis?” deyə soruşsunlar. Onda deyərdim ki, həyatda artıq qalib olmuşam”, - deyə Adetokunbo bildirib.
Namiq HUN
tag: NBA,Yannis Adetokunbo,Lionel Messi,Kriştiano Ronaldo,Todaypress.tv,
