Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları!

Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları!
20.08.2026 11:31 İdman

NBA-in sabiq basketbolçusu Malik Bizli iki övladının həyatında iştirak etməməkdə və aliment ödəməməkdə ittiham olunub.

TodayPress TV xəbər verir ki, bu barədə “Complex” nəşri məlumat yayıb.

İttihamlar Bizliyə qarşı davam edən cinayət işi fonunda səsləndirilib. Bildirilir ki, 2026-cı ilin iyununda federal prokurorlar sabiq basketbolçu və daha beş nəfərə NBA oyunlarına mərc etməklə bağlı olduğu iddia edilən sxem üzrə ittiham irəli sürüblər. İstintaqın versiyasına görə, Bizli 2023/2024 mövsümündə “Milwaukee Bucks”da çıxış etdiyi vaxt müəyyən oyunlardakı fərdi statistik göstəricilərinə qəsdən təsir edərək digər şəxslərin mərclərdən qazanc əldə etməsinə kömək edib.

Bizli ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, iyulun 1-də Nyu-Yorkun Bruklin şəhərində federal məhkəmə qarşısına çıxarılıb və 100 min dollar girov müqabilində sərbəst buraxılıb. Basketbolçunun vəkili onun günahsız olduğunu bildirib.

29 yaşlı basketbolçuya qarşı indi isə ailə həyatı ilə bağlı yeni ittihamlar səsləndirilib. Onun keçmiş həyat yoldaşı Montana Yaonun anası “TikTok”da yayımladığı videoda Bizlinin iki övladının həyatında iştirak etmədiyini, aliment ödəmədiyini və qızına qarşı aqressiv davrandığını iddia edib.

Yao da şərhlərdə sözügedən paylaşımın anasına məxsus olduğunu təsdiqləyib.

“Keçmiş kürəkənimlə münasibətdən necə qurtulmağı göstərən “Netflix” sənədli filmindəki roluma hazırlaşıram. O, hazırda federal ittihamlarla üzləşən, nəvələrini atdığı, aliment ödəmədiyi və qızıma qarşı amansız davrandığı iddia edilən sabiq NBA oyunçusudur”, – deyə qadın videoda bildirib.

Bizli bu ittihamlara hələlik ictimai şəkildə cavab verməyib.

Qeyd edək ki, Bizli və Yao iki övlad sahibidirlər. Onların 2019-cu ildə dünyaya gələn Makay adlı oğlu və 2022-ci ildə doğulan Mia adlı qızı var.

Bizli və Yao 2020-ci ilin martında evləniblər. 2025-ci ilin martında Yao barışmaz fikir ayrılıqlarını əsas gətirərək hüquqi ayrılıq üçün yenidən müraciət edib və maddi təminat tələb edib. 

Cütlüyün münasibətlərində bundan əvvəl də problemlər yaşanıb. Belə ki, 2020-ci ildə Bizlinin Larsa Pippenlə fotolarının yayılmasından sonra Yao boşanma üçün müraciət edib. Daha sonra cütlük barışsa da, sonradan yenidən ayrılıb.

Namiq HUN

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər