Bundesliqada inanılmaz start! Yeni top məhsuldarlığı artırıb

Bundesliqada inanılmaz start! Yeni top məhsuldarlığı artırıb
12.08.2026 09:40 İdman

Yeni mövsümdən Almaniyanın Birinci və İkinci Bundesliqalarında “Adidas Torfabrik” topundan istifadə olunacaq. Bu qərar bir çox qapıçının narazılığına səbəb olub.

TodayPress TV xəbər verir ki, “Bayern & Germany” nəşri futbolçuların yeni topla bağlı fikirlərini yayıb.

“Əvvəllər “Derbystar” topla oynayırdıq. “Torfabrik” isə ondan daha sürətlidir. Bu topla zərbə vurmaq daha rahatdır və buna görə də meydan oyunçuları üçün daha uyğundur. Qapıçıların reaksiya verməsi üçün isə topun daha yüksək sürətlə uçması səbəbindən bir qədər az vaxt qalır.

Topun dəyişdirilməsi qərarının bir çox qapıçını hazırlıqsız yaxaladığını və onların şok, hətta dəhşət içində olduğunu bilirəm. Ən azı, hazırda məndə belə təəssürat yaranıb”, – deyə “Hamburq”un qapıçısı Daniel Hoyer bildirib.

Drezden “Dinamo”sunun hücumçusu Yakob Lemmer də yeni topun qapıçılar üçün ciddi sınaq olduğunu söyləyib. Onun sözlərinə görə, top sürətli və gözlənilməz istiqamətdə uçur və bu səbəbdən mövsümdə yüksək məhsuldarlıq gözlənilir.

Qeyd edək ki, “Adidas Torfabrik” topundan Almaniya futbolunda 2010-2018-ci illərdə də istifadə olunub. Top 2026-cı ildən etibarən yenidən Bundesliqada tətbiq ediləcək.

Yeni topun qayıdışı artıq İkinci Bundesliqada məhsuldarlığa təsir edib. İlk turun 9 oyununda ümumilikdə 31 qol vurulub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər