ŞƏT ölkələri arasında hesablaşmalarda milli valyutaların payı artır

Dünya

02.02.2026 12:48

"Son illərdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) ölkələri arasında hesablaşmalarda milli valyutaların payı artmaqdadır və bu, istənilən vahid valyutadan asılılığı azaltmağa kömək edir".

TodayPress TV xəbər verir ki, bu fikirləri ŞƏT-in Baş katibi Nurlan Yermekbayev “RİA”ya verdiyi müsahibəsində deyib.

Yermekbayev bildirib ki, son illərdə ŞƏT daxilində hesablaşmalarda milli valyutaların payı durmadan artır ki, bu da iqtisadi əlaqələrin möhkəmləndirilməsində və istənilən valyutadan asılılığın azaldılmasında mühüm rol oynayır. Bir sıra ŞƏT ölkələri artıq hesablaşmalarda milli valyutalardan fəal şəkildə istifadə edirlər.

“2022-ci ildən 2025-ci ilə qədər tərəflər bu məqsədlə ŞƏT Üzv Dövlətlərinin qarşılıqlı hesablaşmalarda milli valyutaların payının tədricən artırılması üzrə Yol Xəritəsini həyata keçiriblər”, - deyə baş katib qeyd edib.

Lakin, onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatı üçün vahid valyuta məsələsi gündəmdə deyil, prioritet çevik ödəniş sisteminin yaradılmasıdır:

“Prioritet üzv dövlətlərin ehtiyaclarına əsaslanacaq və ticarət-iqtisadi əməkdaşlığın dərinləşməsinə kömək edəcək çevik, davamlı və şaxələndirilmiş ödəniş sisteminin yaradılması olaraq qalır".

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə təsis edilmiş beynəlxalq təşkilatdır. Belarus, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan quruma üzv ölkələrdir. Azərbaycan, Əfqanıstan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Laos, Maldiv adaları, Monqolustan, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə ŞƏT-ə tərəfdaş ölkələrdır.

Aysel Mətləb

TodayPress TV

tag: Şanxay ,Əməkdaşlıq ,Təşkilatı,Nurlan Yermekbayev,Todaypress.tv,