Rusiyada qasırğa həyatı iflic etdi - VİDEO
Rusiyanın Sverdlovsk vilayətində yerləşən Kuşva şəhərində iyunun 22-də axşam saatlarında güclü tornado baş verib.
TodayPress TV xəbər verir ki, təbii fəlakət nəticəsində yaşayış evləri və infrastruktur obyektləri zədələnib.
İlkin məlumata görə, tornado evlərin damlarını uçurub, ağacları kökündən qoparıb, elektrik dirəklərini aşırıb və qaz stansiyalarından birinə ziyan vurub. Hadisə nəticəsində 40-dan çox evə zərər dəyib, minlərlə sakin elektrik enerjisiz qalıb.
Müxtəlif mənbələrin məlumatına əsasən, hadisə zamanı 5 nəfərdən 16 nəfərə qədər insan xəsarət alıb. Yaralananlardan bəziləri müxtəlif travmalar və sınıqlarla xəstəxanaya yerləşdirilib. Ölənlər barədə məlumat verilməyib.
Hazırda bölgədə fövqəladə vəziyyət rejimi tətbiq olunub, xilasetmə və bərpa işləri davam etdirilir. Rusiya üçün nadir hesab olunan bu hadisə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Zərərin həcmi və zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Türkan İsgəndərli