Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq
Rusiya Komor adaları, Qambiya, Liberiya və Toqoda diplomatik nümayəndəliklər açmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Saxaraaltı Afrika Departamentinin direktoru Anatoli Başkin məlumat verib.
Onun sözlərinə görə, Komor adalarında səfirliyin açılması ilə bağlı praktiki işlər davam edir, Qambiyada isə bütün zəruri qərarlar qəbul olunub və səfir təyin edilib.
Başkin bildirib ki, hazırda binaların seçilməsi, işçilərin işə qəbulu və digər təşkilati məsələlər üzərində iş aparılır. Toqoda da oxşar hazırlıq işləri görülür və səfirin yaxın iki ay ərzində fəaliyyətə başlaması gözlənilir.
Diplomat əlavə edib ki, Liberiyada səfirlik açılması məsələsi də nəzərdən keçirilir və Rusiyanın diplomatik nümayəndəlikləri yaxın vaxtlarda bu ölkələrdə fəaliyyətə başlaya bilər.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ilin fevralında ölkəsinin növbəti iki il ərzində Qambiya, Liberiya, Komor adaları, Niger, Syerra-Leone, Toqo və Cənubi Sudanda səfirliklər açmağı planlaşdırdığını bildirmişdi.
Türkan İsgəndərli