Qazaxıstan hərbi zavodlarını NATO standartlarına uyğunlaşdırır

Dünya

17.12.2025 17:24

Qazaxıstan NATO standartlarına uyğun ASPAN milli layihəsi çərçivəsində artilleriya mərmiləri və minalarının istehsalı üçün dörd yeni zavod tikməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "RTVI" məlumat yayıb.

Məlumata görə, layihənin ümumi dəyəri təxminən 1 milyard dollar təşkil edir. Hazırda 2027-ci ildə fəaliyyətə başlayacaq ASPAN-1 zavodunun tikintisi aparılır. Bu müəssisə mərmi və mina gövdələrinin istehsalı ilə məşğul olacaq. Digər üç zavodun istifadəyə verilmə tarixləri hələ açıqlanmayıb.

Qazaxıstan rəsmiləri bildiriblər ki, ölkə uzun müddətdir öz artilleriya sursatını istehsal etmədiyi üçün əsasən Sovet dövründən qalan ehtiyatlardan və idxaldan asılı olub. Mövcud geosiyasi şəraitdə yerli istehsalın qurulması strateji əhəmiyyət daşıyır.

Zavodların tikintisini “Great Sky” şirkəti həyata keçirir. Layihə çərçivəsində NATO standartlı sursatlarla yanaşı, 82, 120, 122 və 152 mm kalibrli, Rusiya istehsalı silahlara uyğun mərmilərin də buraxılması nəzərdə tutulur.

Qazaxıstan Müdafiə Nazirliyi gələcəkdə istehsalın ixrac imkanları yaradacağını gözləsə də, hazırda hərbi məhsulların xaricə satışına məhdudiyyətlər qüvvədədir. Buna baxmayaraq, ölkə hərbi sənayenin lokallaşdırılmasını prioritet hesab edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qazaxıstan,NATO,ASPAN,Mina,Todaypress.tv,