Polis məhkumların qaçışında günahlandırılır
Dünya
04.05.2026 19:45
ABŞ-nin Luiziana ştatında keçmiş şerif Yeni Orlean həbsxanasından 10 məhbusun qaçması ilə bağlı ittiham olunur.
Todaypress TV xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Hadisə 16 may 2025-ci ildə baş verib. Məlumata görə, məhbuslar kameralardan birində tualetin arxasında deşik açaraq həbsxananın həyətinə çıxıblar. Daha sonra tikanlı məftillə əhatə olunmuş hasarın üzərinə yorğan ataraq ərazidən qaçıblar. Nəticədə 10 məhbus həbsxanadan qaçmağa müvəffəq olub.
Qaçış yalnız səhər yoxlaması zamanı məlum olub. Həmin vaxt qaçan məhbuslar artıq şəhəri tərk etmişdilər. Sonuncu qaçaq məhbus isə yalnız 2025-ci ilin oktyabr ayında saxlanılıb.
Keçmiş şerif Susan Hutson hadisə ilə bağlı 30 maddə üzrə ittiham edilir. İstintaqın qənaətinə görə, kütləvi qaçış onun səhlənkarlığı və təhlükəsizlik qaydalarına əməl etməməsi nəticəsində mümkün olub.
Prokurorluğun açıqlamasında bildirilir ki, “Şerif Hatson qaçan məhbuslar üçün həbsxananın qapılarını şəxsən açmayıb. Lakin onun əsas prosedurlara əməl etməməsi və minimum təhlükəsizlik tədbirlərini görməməsi bu qaçış üçün şərait yaradıb.”
Bundan əlavə, keçmiş şerif vəzifə səlahiyyətlərindən sui-istifadə, istintaqa mane olmaq və sənədləri saxtalaşdırmaqda da ittiham olunur.
Hatson 300 min dollar girov müqabilində sərbəst buraxılıb. Eyni zamanda, ona Luiziana ştatını tərk etmək qadağan edilib.
O, hələlik irəli sürülən ittihamlarla bağlı ictimai açıqlama verməyib.
Jalə Rövşən
tag: Həbsxana,Şerif ,Məhbus,Polis ,Todaypress.tv,
