Pezeşkian Azərbaycanın qapısını döyür! - Təcili müşavirə
İran prezidenti Məsud Pezeşkian hökumətə bir sıra zəruri malların ölkəyə idxal edilməsi üçün Azərbaycan da daxil olmaqla qonşu ölkələrin imkanlarından istifadə etməyi tapşırıb.
TodayPress TV "İRNA"ya istinadən xəbər verir ki, Pezeşkian bu əmri nazirlər və İran Mərkəzi Bankının rəhbəri ilə görüşdən sonra verib.
Bəyanatda deyilir: "Prezident ölkənin şimal limanlarının potensialından maksimum dərəcədə istifadənin, alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin və müəyyən zəruri malların təmin edilməsi və idxalı üçün qonşu ölkələrin, o cümlədən Azərbaycan, Pakistan və Rusiya kimi ölkələrin imkanlarından istifadənin vacibliyini vurğuladı və bu sahədə müvafiq razılaşmaların sürətləndirilməsinə çağırdı".
Pezeşkyan vurğulayıb ki, zəruri hallarda, zəruri malların və dərmanların tədarükü və daşınmasında potensial maneələri tez bir zamanda aradan qaldırmaq üçün qonşu ölkələrin liderləri və regional tərəfdaşlarla şəxsən məsləhətləşəcək.
Görüşdə bəzi cənub buraxılış məntəqələrində yaranan məhdudiyyətlər nəzərə alınmaqla, ölkəyə lazım olan zəruri malların, dərmanların və resursların idxalı ilə bağlı mövcud vəziyyət müzakirə edilib.
İqtisadiyyat nazirinin hesabatına görə, qonşu ölkələrlə məsləhətləşmələr nəticəsində malların idxalını sadələşdirmək və artırmaq üçün xeyli sayda quru sərhəd keçid məntəqəsinin və alternativ nəqliyyat marşrutlarının tutumu aktivləşdirilib və gücləndirilib.
Jalə Rövşən