Pekin ABŞ mallarına əlavə rüsumları müvəqqəti dayandırdı

Dünya

05.11.2025 10:30

Çin hökuməti ABŞ-dən idxal olunan mallara tətbiq edilən əlavə 24% gömrük rüsumlarını bir illik müddətə dayandırıb. Bununla belə, əsas 10%-lik tarif qüvvədə qalacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Rüsumların dayandırılması barədə qərar Çin Xalq Respublikasının sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Trampın baş tutan görüşündən sonra qəbul edilib.

Çin Dövlət Şurasının Tarif Komissiyasının məlumatına görə, əlavə rüsumların müvəqqəti ləğvi noyabrın 10-dan qüvvəyə minəcək. Bu addım dünyanın iki ən böyük iqtisadiyyatı arasında bir neçə il davam edən tarif qarşıdurmasından sonra ticarət münasibətlərini sabitləşdirmək cəhdi kimi qiymətləndirilir.

Eyni zamanda, Pekin ABŞ-nin kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi bəzi tarifləri 15%-dək azaldıb. Bu qərar Çin ərzaq bazarının sabitliyi üçün mühüm hesab olunur, çünki ABŞ ölkənin əsas qarğıdalı və ət tədarükçülərindən biridir.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp da cavab addımı olaraq Çin mallarına tətbiq edilən rüsumların 10% azaldıldığını açıqlayıb. Bununla da ABŞ-nin ümumi tarif səviyyəsi 47%-ə enib ki, bu da iki ölkə arasında ticarət təzyiqinin qismən azaldılması kimi qiymətləndirilir.

Aysel Mətləb

TodayPress TV

tag: Çin ,ABŞ ,Rüsum,Dayandırıldı,Todaypress.tv,