Moskva hədəfdə: Dronlar neft zavodunu vurdu - VİDEO
Ukrayna Silahlı Qüvvələri 18 iyun səhər saatlarında Rusiyanın paytaxtı Moskva və ətrafına növbəti dron hücumu həyata keçirib.
TodayPress TV xəbər verir ki, Rusiya mənbələrinin məlumatına görə, paytaxt istiqamətində çoxsaylı pilotsuz uçuş aparatları aşkarlanıb və hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Buna baxmayaraq, Kapotnya rayonunda yerləşən Moskva Neft Emalı Zavodu yenidən zərbə alıb. Bildirilir ki, bir neçə dron zavodun anbar çənlərinə dəyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayışın gücü nəticəsində çən qapağının yüzlərlə metr hündürlüyə qalxdığı əks olunub. Hadisədən sonra ərazidə güclü yanğın baş verib.
Moskva meri Sergey Sobyanin obyektə ziyan dəydiyini təsdiqləyib. Bu, iyunun 16-da eyni zavoda edilən hücumdan sonra ikinci belə hadisədir.
Hücum fonunda Moskvanın Vnukovo və Domodedovo da daxil olmaqla bir neçə hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Daha sonra reyslərin bərpa olunduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi və yerli hakimiyyət orqanları hadisə ilə bağlı itkilər barədə məlumat verməyib.
Türkan İsgəndərli