Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə etdilər - YENİLƏNİB
Məsuliyyətli ölkələrin əməkdaşlığı bəzi aktorların dağıdıcı səylərinin iflasına gətirib çıxaracaq.
TodayPress TV ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığında deyib.
"İki ölkə arasındakı münasibətlər qədim, tarixi təmələ və qarşılıqlı hörmətə əsaslanır", - o bildirib və əlavə edib ki, ikitərəfli münasibətlərin inkişafının yeni yollarını müəyyən etmək və reallaşdırmaq üçün daha çox koordinasiya yaratmaq, mövcud imkanlardan istifadə etmək zəruridir.
N. Modi ABŞ-nin fevralın 28-də İrana hücumu nəticəsində İslam Respublikasının sabiq Ali rəhbəri Əli Xameneinin ölümü ilə bağlı başsağlığı verib.
"İnqilabın həlak olmuş lideri ilə vida mərasimində iştirak etmək üçün Hindistandan xüsusi nümayəndə heyəti göndəriləcək", - Modi bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə təhlükəsizlik təkcə region ölkələri üçün deyil, həm də qlobal sabitlik baxımından fundamental əhəmiyyət kəsb edir.
XXX
Hindistanın Baş naziri Narendra Modi İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb və tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, N. Modi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"İran Prezidenti Dr. Məsud Pezeşkianla Qərbi Asiyadakı son hadisələr barədə danışdım", - o bildirib.
Söhbət zamanı ABŞ ilə İran arasında danışıqlar prosesində əldə olunan irəliləyişlər yüksək qiymətləndirilib:
"Danışıqlarda əldə edilən irəliləyişi məmnunluqla qarşıladım və davam edən səylərin regionda davamlı sülhə gətirib çıxaracağına ümid etdiyimi bildirdim. Hörmüz boğazında naviqasiya azadlığının Hindistan və dünya üçün əhəmiyyətini bir daha vurğuladım".
Xatırladaq ki, İran Hörmüz boğazında sərbəst gəmiçiliyinin təminatı üçün gələcəkdə əlavə rüsumlar tələb edir və bu su yolunun ödənişli olması üçün Omandan da Tehrana həmrəylik ifadə olunub. Beynəlxalq Dəniz Təşkilatı (BDT) isə Hörmüz boğazı üçün könüllü ödəniş fondunun yaradılmasını mümkün sayır.