Mərkəzi Asiya ölkələri nüvə silahlarına qarşı birləşdi
Qazaxıstan Xarici İşlər Nazirliyi Mərkəzi Asiyada Nüvə Silahlarından Azad Zona haqqında Müqavilənin 20-ci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb.
TodayPress TV-nin məlumatına görə, bəyanatda bildirilib ki, 8 sentyabr 2006-cı ildə Semipalatinsk şəhərində imzalanan müqavilə Mərkəzi Asiyanın beş dövlətinin — Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın nüvə silahlarının yayılmaması və nüvə tərksilahına sadiqliyini nümayiş etdirir.
Qeyd olunub ki, müqavilə tamamilə Şimal yarımkürəsində yerləşən və iki nüvə dövləti ilə həmsərhəd olan nüvə silahlarından azad zona yaradıb.
Sənəddə müqavilənin regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində, nüvə silahlarının yayılmasının qarşısının alınmasında və atom enerjisindən dinc məqsədlərlə istifadədə mühüm rolu vurğulanıb.
Bəyanatda həmçinin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin icrası, Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinin (CTBT) statusu, mənfi təhlükəsizlik təminatları və digər nüvə silahlarından azad zonalarla əməkdaşlıq məsələlərinə toxunulub.
Qazaxıstan XİN-in məlumatına görə, sənəddə Mərkəzi Asiya dövlətlərinin regional təhlükəsizlik məsələlərində vahid mövqeyi və nüvə silahlarından azad dünyanın yaradılması istiqamətində qlobal səylərə verdiyi töhfə bir daha təsdiqlənib.