İsrail Qəzza ilə Misir arasında sərhəd keçidini yenidən açır
Dünya
30.01.2026 17:36
İsrail Qəzza zolağı ilə Misir arasındakı piyada sərhəd keçid məntəqəsini həftəsonu hər iki istiqamətdə yenidən açacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “AP News” məlumat yayıb.
Bildirilib ki, bu addım ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə atəşkəs planı çərçivəsində mühüm mərhələ kimi qiymətləndirilir.
Bu açıqlama İsrailin Baş naziri Benyamin Netanyahu və Qəzzada gündəlik idarəetməni həyata keçirən Fələstin inzibati komitəsinə yeni rəhbər təyin olunmuş Əli Şaatın keçidin yaxın zamanda açılacağına dair əvvəlki bəyanatlarından sonra verilib.
İsrail Müdafiə Qüvvələri bildirib ki, keçiddən çıxış və giriş Avropa Birliyinin sərhəd patrul agentlərinin nəzarəti altında həyata keçiriləcək. Şəxslər həm İsrail, həm də Misir tərəfindən yoxlanılacaq.
Bundan əlavə, İsrail hərbi nəzarətində olan qonşu dəhlizdə də əlavə təhlükəsizlik yoxlamaları aparılacaq.
Xatırladaq ki, İsrail 2024-cü ilin may ayında Rəfah keçidinə nəzarəti ələ keçirdikdən sonra məntəqə demək olar ki, tamamilə bağlanıb. İsrail bu addımı HƏMAS tərəfindən sərhəd üzərindən silah qaçaqmalçılığının qarşısının alınması strategiyasının tərkib hissəsi kimi izah edib. Keçid yalnız 2025-ci ilin əvvəlində qısamüddətli atəşkəs zamanı tibbi xəstələrin təxliyəsi məqsədilə məhdud müddətə açılıb.
Aysel Mətləb
tag: İsrail ,Avropa ,Misir,Qəzza ,Todaypress.tv,
