İranın son şahının oğlu Ukraynaya getdi - VİDEO
İranın devrilmiş son şahı Məhəmməd Rza Pəhləvinin oğlu, sürgündə yaşayan şahzadə Rza Pəhləvi mayın 30-da Ukraynanın Odessa şəhərinə səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Gazete" məlumat yayıb.
Məlumata görə, onu Ukrayna Ali Radasının deputatı Aleksey Gonçarenko qarşılayıb. Səfərin rəsmi məqsədi açıqlanmasa da, Rza Pəhləvinin şəhərdə keçirilən Qara dəniz Təhlükəsizliyi Forumunda iştirak etdiyi bildirilir.
Forum mayın 29-da başlayıb və Qara dəniz regionunda təhlükəsizlik, siyasi-iqtisadi çağırışlar, eləcə də Ukraynaya beynəlxalq dəstək məsələlərinə həsr olunub. Tədbirdə ABŞ senatorları və digər beynəlxalq nümayəndələrin iştirak etdiyi qeyd olunur.
Xatırladaq ki, Rza Pəhləvi 1979-cu il İran İslam İnqilabından sonra ailəsi ilə ölkəni tərk edib və hazırda ABŞ-də yaşayır. O, İran hakimiyyətinin tanınmış tənqidçilərindən biri və ölkədə dünyəvi-demokratik dəyişikliklərin tərəfdarı kimi tanınır.
Türkan İsgəndərli