Hindistan və Çin arasında birbaşa uçuşlar bərpa olundu

Dünya

27.10.2025 10:21

Hindistan təxminən beş illik fasilədən sonra Çinlə birbaşa aviareysləri bərpa edib.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

Belə ki, "IndiGo" aviaşirkətinin ilk reysi ötən axşam Kalkuttadan havaya qalxaraq Quanço şəhərinə enib. Təyyarə 176 sərnişin daşıyıb.

Bununla yanaşı, Asiyanın ikinci ən böyük aviaşirkəti olan "IndiGo" 10 noyabrdan etibarən Dehlidən Quanço istiqamətində də reyslər həyata keçirməyə başlayacaq. O cümlədən Çin aviaşirkəti "China Eastern Airlines" 9 noyabrda Şanxay-Dehli marşrutu üzrə uçuşlarını bərpa edəcək.

Xatırladaq ki, Hindistan və Çin arasında birbaşa uçuşlar COVID-19 pandemiyası dövründə dayandırılmışdı. Bu səbəbdən səyahət edənlər Sinqapur və Çin Xalq Respublikasının xüsusi inzibati rayonu olan Honkonq üzərindən uçmağa məcbur qalırdılar.

Aviareyslərin dayandırılmasına həmçinin 2020-ci ilin mayında Ladax bölgəsində, Qalvan çayı yaxınlığında Hindistan və Çin hərbçiləri arasında baş verən toqquşmalardan sonra iki ölkə arasındakı münasibətlərin gərginləşməsi də təsir etmişdi.

Aysel Mətləb

TodayPress TV

tag: Çin ,Hindistan ,Aviareys,COVID-19,Todaypress.tv,