Ermənistan balıqları üzü Avropaya sarı üzür
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın sözlərinə görə, Ermənistan istehsalçılarına Avropa Birliyi bazarına balıq və balıq məhsulları tədarük etmək imkanı verilib.
TodayPress TV "Minval"a istinadən xəbər verir ki, Papoyan bu barədə sosial media hesabında yazıb.
"Balıq və balıq məhsulları artıq Ermənistandan Aİ-yə ixrac edilə bilər", – nazir qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqı bütün lazımi icazələri verib və Ermənistan tərəfi ixraca başlamaq üçün tələb olunan bütün prosedur və şərtlərin yerinə yetirilməsini başa çatdırıb.
Qeyd edək ki, Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) mayın 22-də Ermənistandan gül idxalına qadağa qoyub.
Həmçinin mayın 30-da respublikadan təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. İyunun 2-də isə çəyirdəkli meyvələrə (albalı, gilas, ərik, gavalı, şaftalı və nektarin) və təzə üzümə müvəqqəti məhdudiyyətlər qoyub. Eyni zamanda, iyunun 3-də nar, badımcan, kartof və quru meyvələrin idxalına da müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Bundan əlavə, agentlik Ermənistanın iyunun 2-dən Rusiyaya ixracı nəzərdə tutulan canlı balıq və balıq məhsullarının sertifikatlaşdırılmasını dayandırdığını bildirib.
Jalə Rövşən