Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşdü

Dünya

03.02.2026 22:01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ər-Riyada səfəri çərçivəsində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ilə görüşüb.  

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

Görüşdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər, enerji, müdafiə sənayesi, investisiyalar, ticarət və texnologiya sahələrində əməkdaşlıq, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. 

Ərdoğan Türkiyə və Səudiyyə Ərəbistanının bir çox sahədə, xüsusən də bərpa olunan enerji və müdafiə sənayesində yeni addımlar atmaqla münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq əzmində olduqlarını bildirib. 

Görüşdə Türkiyə lideri Ankaranın Fələstində davamlı sülh və Qəzzanın yenidən qurulması üçün səylərini davam etdirdiyini və humanitar böhranın ən qısa zamanda sona çatması üçün səylərin artırılmalı olduğunu vurğulayıb. 

Prezident Suriyanın ərazi bütövlüyünün qorunmasının təkcə Türkiyə üçün deyil, bütün region üçün faydalı olacağını, Türkiyənin Suriyanın sabitliyinə dəstəyinin bir çox sahədə davam edəcəyini və Suriyanın yenidən qurulması üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcəklərini qeyd edib. 

Görüşdə, həmçinin Yəməndəki son vəziyyət və Şərqi Afrikadakı hadisələr ətraflı şəkildə müzakirə olunub, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında dörd müqavilə imzalanıb və birgə bəyanat verilib. 

Aysel Mətləb

TodayPress TV

tag: Ərdoğan ,Səudiyyə Ərəbistanı, Məhəmməd bin Salman,Türkiyə ,Todaypress.tv,