Ekspertlər: Tramp Rusiya neftini alan ölkələrə sanksiya tətbiq etməyəcək

Dünya

25.07.2025 19:15

Ekspertlər ABŞ Prezidenti Donald Trampın Rusiya neftini alan ölkələrə 100 faizlik gömrük rüsumu tətbiq edəcəyi ilə bağlı təhdidini həyata keçirəcəyinə inanmırlar.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.  

Tramp bu ayın əvvəlində bəyan etmişdi ki, əgər Rusiya 50 gün ərzində sülh sazişinə razılaşmazsa, o zaman bu ölkənin neftini alan dövlətlərə sərt ticarət rüsumları tətbiq olunacaq.

Lakin mütəxəssislər bu bəyanatın reallaşmayacağını düşünürlər. Onların fikrincə, belə bir addım qlobal neft qiymətlərində ciddi artıma səbəb ola bilər. Tramp isə ötən həftə neftin hazırkı 60 dollar/barel qiymətindən razı olduğunu söyləmişdi.

Ekspertlər əlavə edirlər ki, Tramp genişmiqyaslı prinsipial qərarlardansa, iki tərəfli danışıqlar üçün özünə manevr sahəsi saxlamağı üstün tutur. Belə gömrük qərarı isə onun siyasi üslubuna uyğun deyil.

Onlar həmçinin xatırladırlar ki, Tramp mart ayında da Venesuela neftini alanlara qarşı oxşar təhdidlər səsləndirmiş, lakin bu təhdidlər reallaşmayıb. Əksinə, Venesueladan neft ixracı artmaqda davam edir.

Töhfə Səməd 

tag: ABŞ ,Donald Tramp,Rusiya,Neft,Todaypress.tv,