Avropa Ukraynaya "Patriot" sistemləri verəcək, lakin 1 şərtlə
Dünya
04.08.2025 14:03
ABŞ və Avropa ölkələri arasında Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə bağlı razılaşma müzakirə edilir. Təklifin mahiyyəti ondan ibarətdir ki, NATO ölkələri artıq mövcud olan sistemləri Kiyevə verib, əvəzində isə ABŞ-dən tez bir zamanda yeni sistemlər alacaqlar.
TodayPress TV xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.
Almaniya da daxil olmaqla bir neçə ölkə Vaşinqtondan yeni batareyaların səkkiz ay ərzində gələcəyinə dair yazılı zəmanət tələb edir. Əks halda, müttəfiqlər öz müdafiələrində müəyyən boşluqların yarana biləcəyindən qorxurlar.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin əlavə 10 "Patriot" batareyasına ehtiyacı olduğunu bildirib. Hazırda Kiyevdə ABŞ, Almaniya, Rumıniya və Niderland tərəfindən təmin edilən altı sistem var.
Almaniya artıq üç batareyanı Ukraynaya təhvil verib. Bu sayın tez bir zamanda 5-ə qaldırılacağı açıqlanıb. Lakin onların NATO-nun şərq cinahında yerləşdirilməsini nəzərə alsaq, Berlində 6-dan çox sistem qalmayıb. Yeni təchizat yalnız ABŞ-dən yeni sistemlərin alınması ilə mümkündür.
Amerika "Patriot"larının istehsalı isə tələbata uyğun gəlmir. Bir batareyanın qiyməti təxminən 1 milyard dollar, hər raketin qiyməti isə 4 milyon dollardır. Onların hazırlanması isə 2 ildən 7 ilə qədər çəkə bilər.
Yeni sistemlərin necə və nə zaman təhvil veriləcəyi hazırda sual altındadır. Ukrayna Avropadan, Avropa isə ABŞ-dən cavab gözləyir.
Töhfə Səməd
tag: ABŞ,Patriot,Raket,Ukrayna,Todaypress.tv,