Bolqarıstanın F-16 arzusu 2030-a qaldı!
Bolqarıstan Hərbi Hava Qüvvələri səkkiz ədəd Amerikanın "F-16 Block 70" qırıcısını 2030-cu ildən tez əldə edə bilməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Lockheed Martin" şirkəti məlumat verib ki, qırıcıların istehsalı prosesində çətinliklər yaranıb və bu, təyyarələrin Bolqarıstana tədarükünün 2030-cu ilin ikinci rübünə qədər gecikməsinə səbəb olacaq. Bu müddət yekun deyil, lakin Amerika tərəfi təyyarələrin istehsalını sürətləndirmək üçün bütün tədbirləri görəcək", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, daha əvvəl Bolqarıstan Hərbi Hava Qüvvələrinin rəhbərliyi yeni F-16 təyyarələrinin operativ döyüş növbətçiliyinə 2026-cı ilin ikinci yarısında və ya artıq 2027-ci ildə başlayacağını bildirmişdi. İkinci partiyadan olan səkkiz qırıcının 2027-ci ilin sonunadək Bolqarıstana çatacağı və bununla da Balkan ölkəsinin tam eskadrilya əldə edə biləcəyi gözlənilirdi.
Qeyd edək ki, F-16-ların tədarükü Bolqarıstan Hərbi Hava Qüvvələri üçün mühüm əhəmiyyət daşıyır, çünki silahlanmada olan MiQ-29 təyyarələrinin istismar resursu demək olar ki, tükənib.
Aysel Mətləb