Bermuda adalarında sirli qaya təbəqəsi aşkarlandı

Dünya

16.12.2025 19:45

Alimlər Bermuda adalarının altında okean qabığından fərqli, təxminən 20 kilometr qalınlığında qeyri-adi bir qaya təbəqəsi aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.

Məlumata görə, Yer üzündə indiyədək bu qədər qalın oxşar təbəqə qeydə alınmayıb.

Tədqiqatın aparıcı müəllifi, Vaşinqtondakı Karnegi İnstitutunun seysmoloqu Uilyam Freyzer bildirib ki, normal halda okean qabığının altında mantiyanın yerləşməsi gözlənilir. Lakin Bermudada tektonik lövhənin daxilində əlavə bir qatın mövcud olduğu müəyyən edilib.

Bu qaya təbəqəsinin mənşəyi hələ tam aydın deyil. Alimlər hesab edirlər ki, bu kəşf Bermuda adalarının okean səviyyəsindən yüksəkdə yerləşməsinin səbəbini izah edə bilər. Maraqlıdır ki, ərazidə son vulkan püskürməsi 31 milyon il əvvəl baş versə də, adaların yüksəlməsi dayanmayıb.

Tədqiqatçılar ehtimal edirlər ki, qədim vulkanik fəaliyyət nəticəsində mantiya süxurları qabığa daxil olub və bərkimiş halda okean dibini təxminən 500 metr qaldıran nəhəng bir struktur yaradıb.

Araşdırma zamanı alimlər Bermuda Zəlzələ Stansiyasının məlumatlarından istifadə edərək, adaların təxminən 50 kilometr dərinliyində Yer qabığının quruluşunu analiz ediblər. Seysmik dalğaların davranışındakı dəyişikliklər ətraf süxurlardan daha az sıxlığa malik, qeyri-adi dərəcədə qalın qaya qatının mövcudluğunu təsdiqləyib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Bermuda,Ada,Qaya,Mantiya,Todaypress.tv,