ABŞ-nin silahlandırdığı 15 min terrorçuya qarşı Türkiyə ilə vuruşduq - Müctəbanın sağ əli danışdı

ABŞ-nin silahlandırdığı 15 min terrorçuya qarşı Türkiyə ilə vuruşduq - Müctəbanın sağ əli danışdı
20.07.2026 16:44 Dünya

İraq sərhədində yerləşən kürd qruplaşmalarına qarşı əməliyyatlar və bu prosesdə Türkiyə ilə qurulan hərbi koordinasiyanın gizli məqamları açıqlanıb.

TodayPress TV xəbər verir ki,  bu barədə İranın Ali rəhbərinin baş ali müşaviri, general Yəhya Rəhim Səfəvi danışıb.

Generalın sözlərinə görə, müharibənin başladığı ilk anlarda ABŞ tərəfindən silahlandırıldığı iddia edilən və İraq sərhədinə cəmləşən 15 minə yaxın terrorçu qüvvənin mövcudluğu barədə kəşfiyyat məlumatı daxil olub.

Bu qüvvələrin Suriya və qismən Türkiyə ərazilərindən sızması regionda daha çevik və sərt hərbi cavab tədbirlərini qaçılmaz edib. İran ilkin mərhələdə intensiv hava və dron zərbələri ilə Ərbildəki hərbi strukturları və hava limanını hədəf alıb, quru qoşunlarının hücum cəhdlərini ağır itkilərlə dəf edib, hətta ABŞ hərbi təyyarələrinin bölgəyə eniş etməsinin qarşısını alıb.

O, qeyd edib ki, bu hərbi əməliyyatların ən mühüm pərdəarxası məqamı isə Türkiyə və İran arasında formalaşan koordinasiyalı kəşfiyyat əməkdaşlığıdır.

Şimali İraqdakı terror hüceyrələri həm Ankara, həm də Tehran üçün ortaq təhdid mənbəyi olduğundan, Türkiyə tərəfi əməliyyatların koordinasiyasında aktiv rol alıb. 

Yəhya Rəhim Səfəvinin sözlərinə görə, Türkiyə hərbi rəhbərliyi özü əlaqə saxlayaraq terror qruplaşmalarına qarşı birgə əməliyyat keçirmək istədiyini bildirib və hava məkanından istifadə üçün icazə istəyib.

Nəticədə, Türkiyəyə məxsus PUA-lar ilə İranın "Karrar" PUA-larının birgə kəşfiyyat uçuşları keçirməsi və əldə olunan ortaq koordinatlarla terror ocaqlarının məhv edilməsi regional hərbi tərəfdaşlığın yüksək effektivliyini sübut edib.

Türkiyənin Baş Qərargah rəisi və Xarici İşlər Nazirliyi səviyyəsində İraq Kürdüstanı və ABŞ ilə  apardığı intensiv diplomatik təzyiqlər nəticəsində Vaşinqtonun həmin qruplaşmalara silah tədarükünü dayandırdığını elan etməsi isə bu müştərək strateji gedişin ən mühüm geosiyasi nəticəsidir.

General  bu xəttin qorunması üçün İran XİN rəhbəri Abbas Əraqçiyə Türkiyə tərəfi ilə sıx təmasları davam etdirmək tapşırığı verdiyini vurğulayır.

Jalə Rövşən

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər