ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ

ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ
19.06.2026 20:50 Dünya

ABŞ Prezidenti Donald Trampın İranla müharibəni sona çatdıran anlaşma memorandumunu Fransadakı Versal sarayında imzalamasının pərdəarxası məqamları üzə çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.

Nəşr qeyd edib ki, diplomatiya tarixinə düşən gecədə qərarın son anda verildiyi və ABŞ-nin dövlət katibi Marko Rubionun memorandumu çap etmək üçün printer axtardığı bildirilib. Britaniya mətbuatında yer alan xəbərlərə görə, tarixi saziş son anda verilən sürpriz bir qərarla Versal sarayında imzalanıb.

Fransa diplomatik mənbələrinin bildirdiyinə görə, Tramp Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi axşam yeməyinə qatılmaq üçün Versala gəldikdən qısa müddət sonra sazişin tamamlandığı barədə məlumatlandırılıb.

"Daily Mail"də yer alan xəbərə görə, Trampın bu xəbəri Makronla birlikdə sarayın məşhur Güzgülər qalereyasını gəzərkən alıb. ABŞ Prezidentinin sazişi gözləmədən dərhal imzalamaq qərarı isə sarayda sanki "zamanla yarış" başladıb.

Trampın ani qərarının ardınca Marko Rubionun gecə saatlarında saziş mətnini çap edə biləcək printer tapmaq üçün hərəkətə keçdiyi iddia edilib.

Xəbərə görə, Rubio bu prosesdə Fransanın xarici işlər naziri Jan-Noel Barrodan yardım istəyib və o, qısa müddətdə lazımi avadanlığı çatdırıb. Qonaqlar axşam yeməyinə davam edərkən sazişin həm ingiliscə, həm də farsca nüsxələri çap olunub.

Bundan sonra Rubionun saziş sənədləri ilə salona qayıdaraq imza mərasimi hazırlıqlarına başladığı bildirilib.

Mərasimə şahidlik edən qonaqların bildirdiyinə görə, yemək boşqabları masalardan yığışdırılıb və yerlərinə yeni çap olunmuş saziş mətnləri qoyulub.

Təxminən 30 nəfərin izlədiyi mərasimdə Tramp mətni qısaca nəzərdən keçirdikdən sonra bu sözləri deyib:

"Asan olmadı. Sizi əmin edirəm".

Nəşr diqqətə çatdırıb ki, imza anını televiziya kameraları canlı olaraq qeydə alıblar, qonaqlar isə tarixi anı telefon kameraları ilə çəkiblər.

Makronun da masanın qarşısından prosesi izlədiyi və sazişin tamamlanmasından məmnunluq duyduğu bildirilib.

Versaldakı sürpriz imza mərasiminin Fransa hökuməti üçün də gözlənilməz olduğu vurğulanıb.

Fransanın iqtisadiyyat və maliyyə naziri Rolan Leskür RTL radiosuna açıqlamasında deyib: "Bu, biz Fransa hökuməti üçün də sürpriz oldu".

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər