ABŞ-də yeni seçilmiş mer görüş zamanı öldü
Dünya
20.03.2026 15:07
ABŞ-nin Aydaho ştatının Nampa şəhərinin yeni seçilmiş meri Rik Hoqaboam sakinlərlə görüş zamanı vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, 47 yaşlı Hoqaboam qonşu şəhərlərin nümayəndələri ilə keçirilən regional görüş zamanı insult keçirib. O, şəhər meriyasının binasında huşunu itirib. Hadisə yerində olanlar ilk tibbi yardım göstərsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Şəhər administrasiyası açıqlamasında bu hadisəni “inanılmaz itki” adlandıraraq, təkcə meri deyil, həm də dostlarını itirdiklərini bildirib.
Hoqaboamın ölümündən sonra Şəhər Şurasının sədri Devid Bils yeni seçkilər keçirilənə qədər mer vəzifəsini icra etməyə başlayıb.
Rik Hoqaboam bu vəzifəyə 5 yanvarda başlayıb. O, daha əvvəl Kanyon dairəsinin katibi, Şəhər Şurasının üzvü və qısa müddət Aydaho ştatının senatoru kimi fəaliyyət göstərib.
Ştat rəsmiləri, o cümlədən qubernator Bred Littl başsağlığı verərək Hoqaboamın ictimai xidmətə sədaqətini yüksək qiymətləndiriblər.
Türkan İsgəndərli
tag: ABŞ,Ştat,Mer,Admistrasiya,Todaypress.tv,
