ABŞ-də sərnişin təyyarəsi yandı: 179 nəfər ölümdən döndü
Dünya
27.07.2025 18:00
ABŞ-nin Denver şəhərində yerləşən Denver Beynəlxalq Hava Limanında "American Airlines" şirkətinə məxsus, Denver-Miami reysi üzrə uçuş həyata keçirən sərnişin təyyarəsində yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
"Boeing 737 MAX 8" tipli təyyarə 173 sərnişinlə havaya qalxmaq istəyərkən eniş təkərlərində baş verən nasazlıq nəticəsində təkərlərdən biri partlayıb və yanğın başlayıb. Güclü partlayış səsinə bənzər səsdən sonra təyyarənin alt hissəsindən alovların qalxdığı müşahidə edilib və bu, sərnişinlər arasında ciddi təşvişə səbəb olub.
"American Airlines" və Denver Beynəlxalq Hava Limanının birgə açıqlamasında bildirilib ki, qalxışdan əvvəl texniki xidmət zamanı aşkarlanan nasazlıq səbəbindən hava limanında olan fövqəladə hallar xidməti və Denver Yanğından Mühafizə Departamenti dərhal müdaxiləyə başlayıb. Təyyarədəki sərnişinlər fövqəladə sürüşkən təxliyə xətləri vasitəsilə təxliyə olunub. Ümumilikdə 6 ekipaj üzvü daxil olmaqla 179 nəfər qısa zamanda təyyarədən çıxarılıb. Hadisə nəticəsində 1 nəfər yüngül bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qəzanın ardından Denver Hava Limanında ümumilikdə 240 uçuş təxirə salınıb. Miami istiqamətində uçmalı olan sərnişinlərin təxirə salınan uçuşunun isə gün ərzində əvəzlənəcəyi açıqlanıb.
Hazırda baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Töhfə Səməd
tag: ABŞ,Denver,Miami,Təyyarə,Todaypress.tv,