“İran sonrakı toqquşmaya hazırlaşacaq” - PROQNOZ

Təhlil

24.06.2025 14:53

“İsrail bundan sonra hər vəchlə İranda rejim dəyişikliyi üçün çalışacaq. İran isə bir sonrakı toqquşmaya hazırlaşacaq”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda tərəflər arasında münaqişə davam edir:

“Yaxın Şərqdə 2003 İraq kampaniyasından sonra ən gərgin günlər yaşandı. 2023-cü ilin oktyabrında başlayan toqquşmaların kulminasiya nöqtəsi İran və İsrail arasında oldu. Bu toqquşmalarda hər iki tərəfin zəif və güclü tərəfləri ortaya çıxdı. İran kəşfiyyat və ordu sisteminə İsrailin ciddi şəkildə nüfuz etdiyini gördü. O cümlədən İran, teoretik olaraq bildiyi zəifliklərini praktiki olaraq da müşahidə etdi. İran öz HHM-nin zəif olduğunu açıq şəkildə gördü. İranın İraqda, Livanda və Yəməndə qurduğu proksi qüvvələrin də qeyri-effektiv və hər hansı ciddi toqquşmada yararsız olduğu ortaya çıxdı. Bu, bəlkə də İranın ən ağrılı nöqtəsi oldu. Çünki İran illərdir proksi qüvvələr üzərində işləyirdi və bu, həm maddi, həm də hərbi itkiyə səbəb oldu. İranın əsas qazancı isə raket sistemi və imicində oldu. İsrail və ABŞ İranın hipersonik raket sisteminin nə qədər inkişaf etdiyini gördü. Tehran istədiyi vaxt Təl-Əvivi ciddi şəkildə vura biləcəyini nümayiş etdirdi.

İran, digər tərəfdən də Ərəb Baharında aşağı düşən imicini müəyyən dərəcədə bərpa etdi. Bunu, ən azından Əl-Cəzirədə və türk mətbuatında İrana qarşı dəyişən ritorikada müşahidə etdik”. 

K. Kazımov bundan sonra baş verə biləcək proseslərdən bəhs edib:

“İsrail bundan sonra hər vəchlə İranda rejim dəyişikliyi üçün çalışacaq. İran isə bir sonrakı toqquşmaya hazırlaşacaq. İranın proksi siyasətinin dəyişib-dəyişməyəcəyi isə burada əsas məqamlardan biridir”.

Qiymət Mahir

tag: Kazım Kazımov,Politoloq,İsrail,İran,Todaypress.tv,

photo