Moskvadan Bakıya qarşı yeni böhtan kampaniyası: Zatulin yenə “ön planda” - POLİTOLOQ
Təhlil
13.08.2025 13:57
"Rusiya Dövlət Dumasında MDB ölkələri ilə iş üzrə komitənin sədrinin birinci müavini Konstantin Zatulinin ölkəmizə qarşı səsləndirdiyi son açıqlamalar, onun uzun illərdir davam edən şovinist, azərbaycanafob və qatı ermənipərəst mövqeyinin növbəti təzahürüdür".
TodayPress TV xəbər verir ki, bu sözləri millət vəkili Azay Quliyev deyib.
O bildirib ki, daim Azərbaycan xalqının əleyhinə nifrət ritorikası ilə çıxış edən, vaxtilə azərbaycanlılara qarşı törədilmiş vandalizm aktlarını müdafiə etmiş və Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra daha da azğınlaşan bu adamın öz ampulasından çıxa bilməməsi heç də təəccüblü deyil:
"Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım beynəlxalq və humanitar hüququn, xüsusilə BMT Nizamnaməsinin prinsiplərinə tam uyğun olaraq həyata keçirilir və bu, yeni hal deyil. Bu yardım sırf mülki əhalinin əzablarının yüngülləşdirilməsinə və həyati ehtiyaclarının təmin olunmasına yönəlib. İnsanlıq naminə edilən bu kimi humanitar yardımların mahiyyətinin Zatulin tərəfindən qəsdən təhrif edilməsi və hərbi məqsədli yardım kimi göstərilməsi ucuz şou və primitiv təxrirabat cəhdindən başqa bir şey deyil.
Zatulin və onun kimiləri öz işləri ilə məşğul olsalar, yaxşıdır. Əgər onlar Rusiya və Azərbaycan arasında yaşanan gərginlikdən həqiqətən narahatdırsa, bunun yaranmasının əsas səbəblərini dilə gətirsinlər. İlk növbədə, Moskvanın Azərbaycanın mülki təyyarəsini vuraraq onlarla vətəndaşımızın ölümünə səbəb olan hadisəyə görə məsuliyyət daşıdıqlarını etiraf etsinlər, Rusiyada yaşayan azərbaycanlılara qarşı fiziki təzyiqləri dayandırsınlar və rəsmi Bakının ədalətli və legitim tələblərini yerinə yetirsinlər".
Deputat əlavə edib ki, Azərbaycan Respublikası milli maraqlarını qorumaqda qətiyyətlə davam edəcək. Dövlətimizin müstəqil siyasətinə hər hansı təzyiq və təxribatçı bəyanatlar təsir edə bilməz.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yenə də Azərbaycana qarşı qərəzli və düşmən mövqeyini nümayiş etdirib. Rus parlamentarisi bəyan edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Qafqazda Rusiyanın təsirinin saxlanılmasında maraqlı deyillər.
Qiymət Mahir
tag: Azay Quliyev,Deputat,Moskva,Bakı,Todaypress.tv,
