Müəmmalı Alyaska görüşü: Tramp mümkünsüzü reallaşdıracaq? – Ehtimallar AÇIQLANDI
Təhlil
12.08.2025 12:28
“Alyaska görüşü ilə bağlı müəmmalı məqamlar mövcuddur. ABŞ Prezidenti Donald Tramp bu görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakını istəyir və bu istiqamətdə müəyyən variantlar çərçivəsində səylər göstərilir. Lakin Kremldən verilən açıqlamalardan belə anlaşılır ki, Rusiya tərəfi Zelenskinin prosesə qoşulmasına razı deyil”.
Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Kremldə Zelenski ilə Vladimir Putinin yalnız prosesin son mərhələsində görüşə biləcəyi düşünülür. Bu baxımdan, Trampın göstərdiyi təşəbbüslərin uğurla nəticələnməsi hazırkı mərhələdə qeyri-müəyyən görünür.
Ekspert hesab edir ki, Alyaska görüşünün müsbət nəticələr verəcəyi ehtimalı da o qədər yüksək deyil:
“Müzakirəyə çıxarılacaq məsələlərə yanaşmada ciddi ziddiyyətlərin olduğu bildirilir. Məsələn, Kremldən sızan məlumata əsasən, Rusiya tərəfi Putinin ümumiyyətlə sülh danışıqlarına başlamaq üçün konkret bir şərt irəli sürdüyünü vurğulayır. Həmin şərtə görə, Rusiya yalnız o halda sülh danışıqlarına başlayacaq ki, Ukrayna ordusu Donbas vilayətinin inzibati ərazisi olan Donetskdən tamamilə çıxarılsın. Bu şərtin yerinə yetirilməsindən sonra digər məsələlərin müzakirəsinə razılıq veriləcəyi qeyd olunur”.
Analitik bu şərtin olduqca təhlükəli xarakter daşıdığını bildirib. Çünki bu halda Rusiya ordusu hərbi əməliyyatsız şəkildə Donbas vilayətinə tam nəzarəti ələ keçirmiş olacaq. Bundan əlavə, bu, Rusiya ordusunun strateji mövqeləri də ələ keçirməsi deməkdir. Belə bir ssenaridə Kiyevin bu şərtlərə razılaşması real görünmür.
“Digər tərəfdən, ABŞ-nin Rusiyaya təklif etdiyi şərtlərlə Ukraynanın razılaşması da inandırıcı deyil. Artıq Donald Trampın Rusiya və Ukrayna arasında müəyyən ərazi mübadilələrinin mümkünlüyü ilə bağlı bəyanatına cavab olaraq, Ukrayna hökuməti bildirib ki, ölkə öz ərazilərini heç kimlə mübadilə etmək niyyətində deyil. Ukraynanın beynəlxalq hüquqla tanınan əraziləri ona məxsusdur və onların heç bir hissəsi Rusiyaya verilə bilməz.
Bu səbəbdən, prosesdə kifayət qədər ciddi ziddiyyətli məqamların olduğu və rəsmi Kiyevin də ciddi müqavimət göstərdiyi müşahidə olunur. Bu baxımdan, Alyaska görüşündən müsbət nəticələr gözləmək hələlik inandırıcı görünmür. Hətta ehtimal var ki, Donald Tramp irəliləyiş əldə etmək məqsədilə Ukraynaya təzyiq göstərmək qərarına gələ bilər. Lakin bütün məsələlər, əsasən, Tramp və Putin arasında keçiriləcək görüşdə əldə olunacaq ikitərəfli razılaşmalardan sonra aydınlaşacaq. Hazırda bu razılaşmalarda konkret hansı məsələlər üzrə anlaşmanın mümkün olacağı bəlli deyil”, - deyə siyasətçi əlavə edib.
E.Xalidbəyli görüşün ümumiyyətlə baş tutmaması ehtimalını da istisna etməyib:
“Bəzi iddialara görə, mövcud ziddiyyətlər Alyaska görüşünün ümumiyyətlə keçirilməməsinə səbəb ola bilər. Bu ehtimal az da olsa, mövcuddur. Ona görə də belə qənaətə gəlmək olar ki, Alyaska görüşünün Ukrayna müharibəsinin gələcək taleyini birmənalı şəkildə həll edəcəyi ilə bağlı proqnozlar müəyyən qədər tələsik verilmiş rəylərdir. Ona görə də hələ gözləmək lazımdır”.
Qeyd edək ki, avqustun 15-də ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaskada görüş keçiriləcək.
Qiymət Mahir
tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,ABŞ,Alyaska ,Görüş,Todaypress.tv,
