Azərbaycanda “rus sektoru” bağlanır? – AÇIQLANDI
Cəmiyyət
30.06.2025 17:27
“Hazırda Azərbaycanda “rus sektoru”nun bağlanması gündəmdə deyil, burada əsas məsələ Azərbaycanlılara qarşı törədilən vəhşiliklərdir”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bunu TodayPress TV-yə danışarkən bidirib.
Onun sözlərinə görə, hazırda “rus sektoru”nun ləğvi ilə bağlı heç bir rəsmi müzakirə aparılmır:
“Bu məsələ dövlətin qərar verə biləcəyi məsələdir. Hər hansı şəxsin istəyinə və ya təklifinə əsasən həll oluna bilməz. Hazırda “rus sektoru”nun bağlanması ilə bağlı hər hansı fikir və ya proses yoxdur”.
Millət vəkilinin qənaətincə, hazırkı mərhələdə diqqət mərkəzində tamamilə fərqli və daha vacib bir məsələ dayanır. Bu, Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq aktlarıdır.
“Bu gün əsas müzakirə mövzusu rus dili və ya “rus sektoru” deyil. Biz daha çox Rusiyada azərbaycanlılara qarşı törədilən vəhşi əməllər, onların hüquqlarının pozulması haqqında danışmalıyıq. Bu hadisələr qəti şəkildə pislənilməlidir və Rusiya hüquq-mühafizə orqanlarından konkret tədbirlər görmək tələb edilməlidir”.
Deputat əlavə edib ki, əgər gələcəkdə rusdilli təhsilin ləğv olunmasına ehtiyac yaranarsa, dövlət bu məsələni yenidən dəyərləndirə bilər.
"Lakin hazırda prioritet soydaşlarımıza qarşı baş verən hüquq pozuntularına diqqət yetirmək və bu istiqamətdə mövqeyimizi ifadə etməkdir", - deyə o nitqini sonlandırıb.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Bundan sonra Azərbaycanda rusdilli mədəniyyət tədbirləri ləğv edilib, cəmiyyətdə “rus sektoru”nun bağlanması məsələsi yenidən gündəmə gətirilib.
Töhfə Səməd
tag: Ceyhun Məmmədov,Deputat,Rus Sektoru,Bağlanma,Todaypress.tv,
